Məhkəmə qərarları › İş №8(051)-47/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-47/2025

20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-47/2025 20.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi X2 nümayəndəsi və vəkili X3 iştirakı ilə X2 alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1283/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2013-cü il təvəllüdlü Nuray və xx.xx.2017-ci il təvəllüdlü İsmayıl adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarının xx.xx.2025-ci il tarixdən indeksasiya edilərək hər uşaq üçün 307 manat müəyyən edilməsini xahiş etmiş, daha sonra ərizəçinin nümayəndəsi X7 indeksasiya ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək, cavabdeh Borclu xx.xx.2013-cü il təvəllüdlü Nuray və xx.xx.2017-ci il təvəllüdlü İsmayıl adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarının hər ay hər uşağa 220 manat olmaqla, cəmi 2 uşağa 440 manat məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-283/2018 saylı xx.xx.2018-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş Nuray və xx.xx.2017-ci il tarixdə doğulmuş İsmayıl adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat alimentin alınıb iddiaçı X5 verilməsi, alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. Qətnamə qəbul olunanda yaşayış minimumunun 130 manat olduğunu, hazırda isə 2025-ci il üçün 400 manat olduğunu bildirmişdir. X2 nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM–in 232.2–ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinə əsasən alimentin indeksasiyasını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilməsi ilə bağlandığından, hazırkı tələb üzrə alimentin indeksasiyası üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə alimentin indeksasiyasına dair ərizəni iş materialı ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1283/2018 saylı xx.xx.2018-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş Nuray və xx.xx.2017-ci il tarixdə doğulmuş İsmayıl adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X5 verilməsi, alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun: 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19–cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.11-ci bəndə 8.11-1-ci yarımbənd əlavə edilərək göstərilmişdir ki, 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, qüvvədə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1283/2018 saylı xx.xx.2018-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının ərizəçinin dəqiqləşdirmə ərizəsi ilə tələb etdiyi 220 manat məbləğində aliment tutulması tələbi nəzərə alınaraq hesab edir ki, ərizə verildiyi, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, bir uşaq üçün tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli olmaqla, xx.xx.2013-cü il tarixdə doğulmuş Nuray və xx.xx.2017ci il tarixdə doğulmuş İsmayıl adlı uşaqlar üçün cəmi 0.55 misli həddində indeksasiya olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 232, 263, 264, 266– 268–ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə doğulmuş Nuray və xx.xx.2017-ci il tarixdə doğulmuş İsmayıl adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1283/2018 saylı xx.xx.2018-cü il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 100 (bir yüz manat) manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq Borclu sabit pul məbləğində aliment alınıb tələbkar X5 verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar