Məhkəmə qərarları › İş №8(051)-50/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-50/2022

25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-50/2022 25.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 iştiraki ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin mənzilin giriş qapısının kilidinin sındırılaraq açılması haqqında təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı mənzilin giriş qapısının kilidinin sındırılaraq açılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatın dəlillərini müdafiə edərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 862/2021 saylı 08.07.2021-cu il tarixli qətnaməsinə əsasən Tələbkar ünvan 1 ünvanındakı mənzilinə köçürülməsi qət edilmişdir. Borclu1 Beydulla oğluna və Borclu2 icra sənədinin icrasını təmin etmək və icraya maneçilik göstərməməsi üçün dəfələrlə bildiriş və xəbərdarlıq edilmiş, məcburi icranın təyin edildiyi vaxtda icra yerində olması və tələbkarın ünvan 1 ünvanındakı mənzilinə köçürülməsinə və onun həmin mənzildən maneəsiz istifadə etməsinə şərait yaratması tələb olunmuş, lakin borclu qərəzli olaraq icraya maneçilik törətmiş, tələbkarın mənzilə köçməsinə şərait yaratmamış, məcburi icranın təyin olunduğu vaxtda mənzilin giriş qapısını açmamış və ya mənzildə olmamış, icra yerində iştirak etmək üçün icra məmuru tərəfindən onun istifadəsində olan (077) ***-**-** saylı mobil operatoru vasitəsi ilə Borclu1 Beydulla oğlu ilə əlaqə saxlamış, borclu isə Mingəçevirdə olmadığı üçün gələ bilmədiyini demişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-862/2021 saylı 08.07.2021-cu il tarixli icra sənədi üzrə tələbkarın mənzilə köçürülməsini təmin etmək üçün icra hərəkətlərinin həyata keçirildiyi yerə məcburi gətirilməsi 18.03.2022-ci ilə təyin edilmiş, lakin Borclu1 həmin tədbirə gəlməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci maddəsinə əsasən Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Odur ki, təqdimatın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Tələbkara və borclulara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqda məhkəmə məlumat verməmişlər. Məhkəmə icra məmurunun izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş 2(051)-862/2021 saylı 08.07.2021-ci il tarixli saylı icra vərəqəsindən görünür ki, iddiaçı Tələbkar ünvan 1 ünvanındakı mənzilinə köçürülməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş 18.03.2022-ci il tarixli aktdan görünür ki, borclular Borclu1 Beydulla oğlu və Borclu2 ünvan 1 ünvanındakı mənzilinə daxil olmağa və tələbkarın həmin mənzilə köçürülməsinə şərait yaratmadığı üçün mənzilə köçürmə baş tutmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimatda qeyd edilən mənzilin giriş qapısının kilidinin sındırılaraq açılması ilə bağlı məsələnin həll edilməsi üçün ilk növbədə həmin hərəkətin qətnamənin icra üsuluna və yaxud icra sənədinin icrasını təmin edən məcburi icra tədbirlərinə aid olub-olmaması müəyyən edilməlidir. Məhkəmə qətnamənin icra üsulu ilə bağlı qeyd edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, tələbkarın hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə nəzərdə tutulmuş ilkin icra üsulunun və qaydasının dəyişdirilməsi hallarına aiddir. Göründüyü kimi birinci halda qətnamənin icra üsulu və qaydası qətnamənin nəticə hissəsində göstərildiyi hallarda əvəz edilmə yolu, ikinci halda isə qətnamənin icrasının təmin edilməsi üçün tədbirlər görülməsi haqqında məsələ qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi yolu ilə həll edilir. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə bir qayda olaraq, borclu qətnaməni könüllü yerinə yetirmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. Hazırkı vəziyyətdə icraatda olan icra sənədinin verilməsinə əsas olan Mingəçevir şəhər Məhkəməsinin 08.07.2021-cu il tarixli qətnaməsi ilə Tələbkar ünvan 1 ünvanındakı mənzilə köçürülməsi qət edilmişdir. Göründüyü kimi qətnamənin nəticə hissəsində qətnamənin icra üsulu və qaydası müəyyən olunmamış, nə də qətnamənin icra olunmasının borclunun hərəkətlərindən asılı olduğu göstərilməmişdir. Belə olan halda borcluya məxsus mənzilin giriş qapısının kilidinin sındırılaraq açılması ilə bağlı təqdimata qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi kimi baxılması istisna olunur. Bununla yanaşı, məhkəmə icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri ilə bağlı qeyd edir ki, Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi, məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. İcra məmuru İcra haqqında Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən tədbirlər müəyyən etməkdə haqlıdır. Göründüyü kimi icra sənədinin icrasını təmin edən tədbirlər icra məmuru tərəfindən icra sənədində göstərilən tələbin xarakterinə uyğun olaraq tətbiq edilir. Hazırda tələbkarın yaşayış sahəsinə köçürülməsi haqqında Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədinin icrası da analoji qaydada icra məmuru tərəfindən təmin edilməli, yəni icra sənədi üzrə icraat zamanı tətbiq edilməsi zəruri olan icra tədbirlərini də qanunda nəzərdə tutulmuş qaydada icra məmuru müəyyən etməlidir. Bu da onu deməyə əsas verir ki, təqdimatda qeyd edilən mənzilin giriş qapısının kilidinin sındırılaraq açılması ilə bağlı məsələ icra sənədinin icrasını təmin edən tədbirlərin dairəsinə daxildir. Həmin məsələyə məhkəmə qaydasında baxılması nəzərdə tutulmamışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Həmin Qanunun 43-cü maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, hətta bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər də məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Göründüyü kimi istinad edilən hüquq normalarında qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinin tətbiqi istisna edilməmişdir. İcra məmuruna izah edilsin ki, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, icra məmurunun ünvan 1 ünvanındakı mənzilin giriş qapısının kilidinin sındırılaraq açılması barədə icra məmuru tətəfindən verilmiş təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 83–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Borclu1 Beydulla oğlu və Borclu2 istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilin giriş qapısının kilidinin sındırılaraq açılmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar