Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-77/2023 06.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1013/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2009-cu il təvəllüdlü Ayşə və xx.xx.2011-ci il təvəllüdlü Fərid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 125 manat, cəmi 250 manat aliment tutulub Tələbkar verilməsi qət edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev təqdimatını belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başladığı Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1013/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.1977-ci il tarixində anadan olmuş və Kəlbəcər Bağlıpəyə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Mingəçevir şəhər İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu məxsus əmlak aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və Borclu 7050 manat aliment borcu yaranmışdır. Ona görə də məhkəmədən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1013/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin sürətindən görünür ki, Borclu xx.xx.2009-cu il təvəllüdlü Ayşə və xx.xx.2011-ci il təvəllüdlü Fərid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 125 manat, cəmi 250 manat aliment tutulub Tələbkar verilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2019-cu il tarixdə icraatına daxil olmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1013/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. İşə əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişin sürətindən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin “Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru təqdimata borcun könüllü icra edilməsi üçün bildirişin göndərilməsinə baxmayaraq borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmışdır. Borclu məhkəmə iclasına gəlməmiş və icra sənədini hansı səbəbdən üzrsüz icra etməməsi barədə məlumat verməmişdir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və xx.xx.1977-ci il tarixində doğulmuş, Kəlbəcər Bağlıpəyə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1013/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra olunanadək məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1977-ci il tarixində doğulmuş, Kəlbəcər Bağlıpəyə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1013/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №8(051)-77/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-77/2023
06.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver