Məhkəmə qərarları › İş №8(053)-1/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-1/2024

19.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-1/2024 19.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, borclu X2, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-62/2020 nömrəli mülki iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-62/2020 nömrəli iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X2, X6 və X7 iddiaçı Tələbkar mülkiyyətində olan Neftçala şəhəri, M.Rəsulzadə küçəsində yerləşən 100A nömrəli fərdi yaşayış evindən çıxarılmaları və ev boşaldılaraq iddiaçının istifadəsinə verilməlidir. Həmin iş üzrə cavabdehlərdən X13 qətnamədən xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1239/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X6 apellyasiya şikayəti təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(053)-62/2020 nömrəli qətnaməsi ləğv edilmişdir. Qətnamənin surəti 12 avqust 2020-ci il tarixli məktubla, xx.xx.2020-ci il tarixli, 492 №-li reyestrlə iş üzrə tərəflərə göndərilmişdir. İddiaçı Tələbkar xx.xx.2020-ci il tarixdə qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29106)-1239/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1968/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(053)-62/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 08 uyul 2021-ci il tarixli məktubla, xx.xx.2021-ci il tarixli reyestrlə iş üzrə tərəflərə göndərilmişdir. X1 tərəfindən xx.xx.2021-ci il tarixdə təhvil alınmışdır (F 119 xəbərnamə işə əlavə olunub). X13 qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1968/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. 13 sentyabr 2021-ci il tarixdə X13 həmin qərardaddan kassasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə işin icraata qəbulundan imtina edilmiş və kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1968/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1968/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qərardadından cavabdeh X16 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və qərardadın surəti iş üzrə tərəflərə göndərilməklə 28 dekabr 2021-ci il tarixli məktubla 2(106)-1968/2021 saylı mülki iş Neftçala Rayon Məhkəməsinə qaytarılmış və 12 yanvar 2022-ci il tarixdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Netçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(053)-62/2020 saylı icra vərəqəsi 12 yanvar 2020-ci il tarixli məktubla Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. 14 yanvar 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. 25 iyul 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə iş üzrə cavabdehlərdən X5 və onun vəkili X8 birgə kassasiya şikəti daxil olmuş və hakim İsmayıl Əhmədov tərəfindən kassasiya şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması məsələsi ilə əlaqədar mülki işin qısa müddət ərzində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 27 iyul 2022-ci il tarixli məktubla 2(053)-62/2020 saylı mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1968/2021 nömrəli, 16 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçı Tələbkar cavabdehlər X4, X11 və X12 qarşı “Qanunsuz zəbt edilmiş yaşayış sahəsindən çıxarılma və evin boşaldılması tələbinə dair” mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(106)-1968/2021 saylı qətnaməsindən cavabdeh X5 və onun vəkili X14 tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. 09 sentyabr 2022-ci il tarixdə 2(106)-1968/2021 saylı mülki iş Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Cavabdeh X5 14 dekabr 2023-cü il tarixdə Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin vəsatətlə müraciət edərək həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-62/2020 nömrəli iş üzrə 15 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Tələbkar cavabdehlər X4, X11 və X12 qarşı «Qanunsuz zəbt edilmiş yaşayış sahəsindən çıxarılma və evin boşaldılması» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti və həmin şikayətin verilməsi müddətinin bərpasına dair ərizəsi geri qaytarılmışdır. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 62/2020 nömrəli mülki iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun Tələbkar qarşı evin altında olan torpaq sahəsinin ona məxsus olması və torpaq sahəsinin yerində tanıtdırılması barədə Şirvan İnzibati Məhkəməsində iddia tələbi vardır. Digər tərəfdən o, sözügedən qətnamədən şikayətlər etmiş və şikayətlərilə bağlı məhkəmə araşdırmaları davam edir. Lakin icra məmuru əsassız olaraq onu uzun illər yaşadığı evdən çıxarır. O, icra məmuruna bir neçə dəfə demişdir ki, o, evin altında olan torpaq sahəsini mübahisələndirmişdir. Bundan əlavə ziyanına çıxarılmış qərarlardan şikayətlər etmişdir. İcra məmuru isə onun dediklərimə əhəmiyyət vermir. Ona görə də belə bir ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiklərinin nəzərə alnmasını, Neftçala Rayon Məhkəməsinin 2(053)-62/2020 nömrəli mülki iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad cıxarılmasını xahiş etmişdir. Cavabdeh (borclu) X5 ərizəyə məhkəmədə baxılması zamanı bildirmişdir ki, mərhum əri öz zəhməti ilə həmin evi tikmiş və 40 ildən çoxdur ki, orada yaşamışlar. Hazırda onları evdər çıxarmaq istəyirlər. Üç ilə yaxın onlara möhlət verilməsini istəyir. Odur ki, ərizəsi və şikayəti üzrə müvafiq məhkəmə aktlarının yuxarı məhkəmələr tərəfindən qəbul edilənədək qətnamənin icrasına möhlət verilməsini xahiş edir. Neftçala Rayon İcra və probasia şöbəsinin icra məmuru Mübariz İbrahimbəyli məhkəmə baxışı zamanı 2022-ci ildən icraatında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-62/2020 nömrəli mülki iş üzrə 30 yanvar 2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı xeyli müddət keçməsinə baxmayaraq borclular evdən çıxmamışlar. Borclunun oğlanları barədə axtarış elan olunmuş, onlar evdən çıxmamaq üçün 2022-ci ildən müxtəlif bəhanələr edirlər. Ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilmiş, tələbkar gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsini rəhbər tutaraq, ərizəyə yuxarıda qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmamalıdır. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli məhkəmə qətnaməsi çıxarılandan iş üzrə cavabdehlərdən X13 davamlı olaraq qətnaməni mübahiləndirmiş və yuxarıda qeyd olunan instansiyalarda işə baxılaraq Neftçala Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Netçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(053)-62/2020 saylı icra vərəqəsi 12 yanvar 2020-ci il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmiş, 14 yanvar 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. 25 iyul 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə X5 və onun vəkili X8 birgə kassasiya şikəti daxil olmuş və hakim İsmayıl Əhmədov tərəfindən kassasiya şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması məsələsi ilə əlaqədar mülki işin qısa müddət ərzində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1968/2021 nömrəli, 16 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçı Tələbkar cavabdehlər X4, X11 və X12 qarşı “Qanunsuz zəbt edilmiş yaşayış sahəsindən çıxarılma və evin boşaldılması tələbinə dair” mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(106)-1968/2021 saylı qətnaməsindən cavabdeh X5 və onun vəkili X14 tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh X5 14 dekabr 2023-cü il tarixdə Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin vəsatətlə müraciət edərək həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)- 62/2020 nömrəli iş üzrə 15 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Tələbkar cavabdehlər X4, X11 və X12 qarşı «Qanunsuz zəbt edilmiş yaşayış sahəsindən çıxarılma və evin boşaldılması» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti və həmin şikayətin verilməsi müddətinin bərpasına dair ərizəsi geri qaytarılmışdır. Yuxarıda göstərilənlərdən və işin digər faktiki hallarından görünür ki, cavabdehin (borclunun) məqsədi icra sənədinin icrasını yubatmaq məqsədi daşımış və buna nail olmuşdur. Ona görə də cavabdeh (borclu) Neftçala Rayon Məhkəməsinin 2(053)-62/2020 nömrəli mülki iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə üzərlərinə qoyulan vəzifələri qeyri şərtsiz yerinə yetirməlidir. Bu və digər səbəblərdən cavabdehin (borclunun) tələbi (təklifi) qətnamənin icrasına möhlət verilməsinə yönəlmiş tələblər (təkliflər) kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən ərizə rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-62/2020 nömrəli mülki iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair borclu X2 ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar