Məhkəmə qərarları › İş №8(053)-2/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-2/2024

29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-2/2024 29.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, X2nun, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-41/2023 nömrəli mülki iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Tələbkar cavabdeh X7 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 51.000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 243 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-41/2023 nömrəli mülki iş üzrə 27 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh X3 48.500 (qırx səkkiz min beş yüz) manat məbləğində pulun və dövlət rüsumu kumi ödənilmiş 243 manat məbləğində pulun tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarı ilə təmin edilməmişlər. Beləliklə, Neftçala Rayon Məhkəməsinin 2(053)-41/2023 nömrəli mülki iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Qətnamə icraya yönəldilib. X9 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsinin hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. X9 ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, hazırda maddi imkanları məhdud olduğundan məhkəmə tərəfindən qət olunmuş məbləği bir dəfəyə ödəmək iqtidarında deyil. "xxxx" MMC-də təsisçi və direktor işləməklə vəzifə üzrə əmək haqqı 350 manatdır. Əlavə gəlirlərlə aylıq qazancı 500 manat təşkil edir. Özü 1-ci Qarabağ Müharibəsi veteranıdır. Müvafiq məhkəmə qərarlarına hörmətlə yanaşır və icra sənədi üzrə borcunu ödəməyə hazırdır. Məhkəmə qətnaməsilə üzərinə qoyulmuş pul məbləğini qızının ailəsi tərəfindən bankdan kredit götürüb ilkin olaraq tələbkara 25.000 manat ödəmiş və yerdə qalan məbləği isə ayda 800 manat olmaqla 30 ay müddətinə icra etmək iqtidarındadır. Məhkəmədən xahiş edir ki, göstərilənləri nəzərə alıb qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı qərardad qəbul etsin. Ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərilmiş Tələbkar məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək təyin olumuş məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, ona borclu olan X6 xx.xx.2024-cü il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsində izahat verərərk 2024-cü ilin sonuna qədər ona olan borcunu tam ödəyəcəyini bildirmişdir. Onu digər vaxt müddəti qane etmir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru Mübariz İbrahimbəyli izahatında bildirmişdir ki, borclu qətnamənin hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə mürəciət etdikdən sonra tələbkara 25.000 manat ödəmiş və aralarında razışlaşma olmuşdur ki, ilin sonuna kimi vaxt verilməklə borcunu ödəsin. Hazırda borclu otuz ay vaxt istəyir. Məhkəmə göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsini rəhbər tutaraq ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə X8 dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin müvafiq məsələləri tənzimləyən 231-ci maddəsinin məzmunundan görünür ki, qətnamənin hissə-hissə icrası məsələsinə işdə iştirak edən şəxslərin ərizəsi əsasında baxılır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən «İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır». X2 bildirir ki, məhkəmə tərəfindən qət olunmuş məbləğləri maddi vəziyyəti ilə əlaqədar olaraq bir dəfəyə ödəmək iqtidarında deyil. Bunun əksi işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin tamamilə rədd olunması, yəni faktiki olaraq borclunun üzərinə qət olunmuş məbləği bir dəfəyə ödəmək vəzifəsinin qoyulması, sonuncunun bu vəzifəni yerinə yetirmək iqtidarında olmaması səbəbindən lüzumsuzdur. Eyni zamanda məhkəmə hesab edir ki, hər ay ödənilməli olan məbləğ borclunun təklif etdiyi kimi 800 manat miqdarında deyil, 2.158,45 manat miqdarında müəyyən edilməlidir. Belə olan halda qət olunmuş məbləğ 1 ilə yaxın müddət ərzində ödənilmiş olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-41/2023 nömrəli mülki iş üzrə 27 fevral 2023cü il tarixli qətnaməsi X2ndan hər ay 2.158,45 (iki min yüz əlli səkkiz manat qırx beş qəpik) manat tutulmaqla hissə-hissə icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar