Məhkəmə qərarları › İş №8(053)-22/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-22/2025

03.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-22/2025 03.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Neftçala Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Neftçala Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, xx.xx.1980-ci il təvəllüdlü, Neftçala rayonu Aşağı Surra kəndinə qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 857762,35 manat pul vəsaiti tutularaq Tələbkar MMC-yə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2025-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalı nəzərə alınaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiq hesab edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Qeyd olunan icra sənədləri icra olunması üçün Neftçala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu 857762,35 manat pul vəsaiti tutularaq Tələbkar MMC-yə ödənilməlidir. İş materiallarında olan Neftçala Rayon İcra və Probasiya xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Borclu Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi barədə xəbərdar olunmuşdur. Borclu bildirişi xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədlərinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədlərinin icrasının çətinləşəcəyini, ödənilməmiş məbləği nəzərə alaraq hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu - xx.xx.1980-ci il təvəllüdlü, Neftçala rayonu Aşağı Surra kəndinə qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Neftçala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar