Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-26/2025 14.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Borclu nümayəndəsi (anası) X3 iştirakı ilə X4 Neftçala Rayon Məhkəməsinin 2(053)-1169/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-1169/2024 nömrəli iş üzrə 15 noyabr 2024cü il tarixli qətnaməsi ilə 09 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 170 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi, alimentin 01 oktyabr 2024-cü il tarixindən hesablanması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 1169/2024 nömrəli mülki iş üzrə 15 noyabr 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya edilməsini, yəni 09 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, onunla Borclu arasında 29 mart 2023-cü ildə Neftçala rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və birgə nikahdan 09 mart 2023-cü il təvəllüdlü X5 adlı uşaq doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-1169/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş 09 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün borcludan hər ay 170 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edir ki, aliment məbləğinin sonradan artımı olmayıb və eyni məbləğdə alimentin tutulmasına dair icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinin icraatındadır. Neftçala Rayon Məhkəməsinin 2(053)-1169/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən uşağın saxlanılması üçün 01 oktyabr 2024-cü il tarixdən başlayaraq hər ay sabit məbləğdə tutulan alimentin miqdarı 170 manat müəyyən edilib, 2024-cü ildə isə minimum əmək haqqı 345 manat olub. Qətnamə ilə tutulmuş alimentin miqdarı həmin il üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,50 mislini təşkil edir və ona görə də hesab edir ki, aliment indeksasiya olunaraq onun aylıq məbləği minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməlidir. X1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Borclu nümayəndəsi (anası) X8 ərizəyə məhkəmədə baxılması zamanı bildirmişdir ki, oğlu hazırda Fransada yaşayır və işləmir. Qeyd edir ki, oğlunun 2 müxtəlif banka kredit borcu var. Bu kredit borclarını da, uşaq üçün təyin olunan aliment məbləğini də o (nümayəndə), ödəyir. Borclunun hazırda kifayət qədər maddi imkana malik olmadığını nəzərə alaraq tələbkarın indeksasiya tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə borclunun nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə qismən təmin olunmalıdır. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən 30 may 2025-ci ildə verilmiş arayışdan, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan və Neftçala Rayon Məhkəməsinin 2(053)-1169/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, Borclu ilə Hüseynova (Yusifova) Rəvanə Azər qızı arasında 06 yanvar 2022-ci ildə Neftçala rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, həmin nikahdan 09 mart 2023-cü ildə X5 adlı uşaq doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsinə əsasən 09 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 170 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X6 verilməli, alimentin hesablanması 01 oktyabr 2024-cü il tarixindən həyata keçirilməlidir. Məsələnin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən «Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər». Göründüyü kimi məhkəmə qətnaməsi əsasında ödənilməli olan məbləğlərinin, o cümlədən sabit pul məbləğində alimentin indeksasiyasının həyata keçirilməsinin prosessual əsasları mülki-prosessual qanunvericilikdə təsbit olunub. Qüvvədə olan qanunvericilikdə alimentlə bağlı məhkəmə qətnamələri üzrə indeksasiya aparılması üsullarını müəyyən edən maddi-hüquq normaları da mövcuddur. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci abzasına əsasən aliment indeksləşdirilməlidir. Eyni Qanunun 4-cü maddəsinin sonuncu abzasına əsasən «Məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən «Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində əks olunan hüquqi mövqeyə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Həmin Qərarın 8.4-2-ci bəndinə görə “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Qeyd olunur ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli 3708 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat həddində müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 01 yanvar 2025-ci il tarixindən etibarən 400 manat məbləğində müəyyən edilib. Tələbkarın indeksasiya ilə bağlı ərizəsi məhkəməyə 04 iyul 2025-ci il tarixdə daxil olub. Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən tələbkarın öz ərizəsini “dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğində artım” baş verməsi ilə əlaqələndirdiyini nəzərə alaraq hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 1169/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği indeksləşdirilməlidir. Məhkəmə 15 noyabr 2024-cü il tarixli qətnamənin çıxarıldığı dövrdə ölkə üzrə minimum aylıq əmək haqqının 345 manat miqdarında müəyyən olunduğunu nəzərə alaraq qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 170 manat məbləğində aliment müvafiq dövr üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının təxminən 0,49 mislini təşkil edib (170 X 0,49 = 169,05). Ona görə də ərizə qismən təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(053)- 1169/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 09 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu X1nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-1169/2024 nömrəli iş üzrə 15 noyabr 2024cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 09 mart 2023cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu X1nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-26/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-26/2025
14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver