Məhkəmə qərarları › İş №8(053)-28/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-28/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-28/2025 28.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, tələbkar Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızının nümayəndəsi (atası) X2, Borclu iştirakı ilə Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızının Salyan 1 saylı Mediasiya Təşkilatında bağlanmış 02 dekabr 2022-ci il tarixli barışıq sazişinə əsasən təyin olunmuş alimentin indeksasiyası ilə bağlı ərizəsinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ilə Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızı arasında Salyan 1 saylı Mediasiya Təşkilatında bağlanmış 02 dekabr 2022-ci il tarixli barışıq sazişinə əsasən hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment Borclu tutularaq Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızına ödənilməlidir. Tələbkar Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş 08 aprel 2018-ci il təvəllüdlü X7 və 09 yanvar 2021-ci il təvəllüdlü X8 adlı uşaqların saxlanılması üçün hər ay hər birinə ödənilməli olan alimentin indeksasiya edilməsini, yəni orta aylıq əmək haqqının artımına mütənasib olaraq müəyyən edilməsi barədə (62 faizi nisbətində) alimentin tutulmasını xahiş etmişdir. Tələbkar Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızı ərizəsini belə əsaslandırmışdır ki, o, Borclu ilə 30 iyun 2017-ci ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş, birgə nikahlarından 08 aprel 2018-ci il təvəllüdlü X7 və 09 yanvar 2021-ci il təvəllüdlü X8 adlı uşaqlar doğulmuşdur. Uşaqlar hazırda onun himayəsindədir. Cavabdehlə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan aralarında baş vermiş ziddiyyətlər ailənin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehin uşaqlara və ailəyə diqqət göstərməməsi, laqeyd münasibət bəsləməsi ailənin faktik dağılmasına səbəb olub. Bu səbəbdən 26 oktyabr 2023-cü il tarixində aralarında olan nikah pozulmuşdur. Eyni zamanda birgə nikahlarından doğulmuş 08 aprel 2018-ci il təvəllüdlü X7 və 09 yanvar 2021-ci il təvəllüdlü X8 adlı uşaqların saxlanılması üçün hər birinə 100 manat aliment tutularaq ona verilməsi barədə 2022-ci ildə barışıq sazişi bağlanmışdır. Lakin bugünədək həmin pullar ödənilməmiş və bir illik borc yaranmışdır. Bundan başqa cavabdeh valideynlik borcunu da yerinə yetirmir və uşaqların sosial həyatında da iştirak etmir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 2025-ci il üçün Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu hər ay üçün 246 manat müəyyən edilmişdir. Tələbkar Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızının nümayəndəsi (atası) X4 ərizəyə məhkəmədə baxılması zamanı ərizədə göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Eyni zamanda qeyd edir ki, ölkə üzrə inflyasiya getmiş və buna müvafiq olaraq uşaqlara ehtiyac olan gündəlik tələbat mallarının da qiyməti artmışdır. Göstərilənlər və s. hallar nəzərə alınaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının da məbləği artırılıb. Ona görə də alimentin cavabdehdən həmin minimum əmək haqqı məbləğinə uyğunlaşdırılaraq tutulmasını məhkəmədən xahiş edir. Borclu ərizəyə məhkəmədə baxılması zamanı uşaqlar üçün alimenti vaxtlı-vaxtında ödədiyini bildirmişdir. 2024-cü ilin sonlarında əmək haqqında artım olmuş və həmin vaxtdan hər uşaq üçün hər ay 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində aliment ödəyir. Bank borclarını ödəyib qurtardıqdan sonra daha çox aliment ödəyəcək. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə tələbkarın nümayəndəsini və borclunu dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə qismən təmin olunmalıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-486/2023 nömrəli iş üzrə 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Borclu ilə X3 arasında 30 iyun 2017-ci ildə bağlanmış nikah pozulmuş, 08 aprel 2018-ci il təvəllüdlü X5 və 09 yanvar 2021-ci il təvəllüdlü X6 nikah pozulduqdan sonra X1 yanında qalmaları müəyyən edilmişdir. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tələbkarla borclunun birgə ailə münasibətlərindən 08 aprel 2018-ci ildə X7 və 09 yanvar 2021-ci ildə X8 adlı uşaqlar doğulub. Uşaqların atası Borclu, anası isə Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızıdır. Bir daha qeyd olunur ki, Borclu ilə Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızı arasında Salyan 1 saylı Mediasiya Təşkilatında 02 dekabr 2022-ci ildə barışıq sazişi bağlanıb. Həmin sazişə əsasən Borclu hər bir uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutularaq Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızına verilməlidir. Məsələnin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 97.3-cü maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə uyğun aparılır. Sazişdə alimentin miqdarının indeksasiyası qaydası nəzərdə tutulmayıbsa, indeksasiya bu Məcəllənin 110-cu maddəsinə əsasən aparılır». Göründüyü kimi barışıq sazişi əsasında ödənilməli sabit pul məbləğində alimentin indeksasiyasının həyata keçirilməsinin əsasları Ailə Məcəlləsində təsbit olunub. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən «Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində əks olunan hüquqi mövqeyə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Həmin Qərarın 8.4-2-ci bəndinə görə “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən etibarən 300 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 01 yanvar 2025-ci il tarixindən etibarən 400 manat məbləğində müəyyən edilib. Tələbkarın indeksasiya ilə bağlı ərizəsi məhkəməyə 18 iyul 2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən tələbkar tərəfin öz tələbini ölkə üzrə “orta aylıq” əmək haqqı miqdarının artması ilə əlaqələndirdiyini nəzərə alaraq hesab edir ki, Salyan 1 saylı Mediasiya Təşkilatında bağlanmış 02 dekabr 2022-ci il tarixli barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləği indeksləşdirilməlidir. Məhkəmə 02 dekabr 2022-ci il tarixli barışıq sazişinin bağlandığı dövrdə ölkə üzrə minimum aylıq əmək haqqının 300 manat miqdarında müəyyən olunduğunu nəzərə alaraq qeyd edir ki, bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 100 manat məbləğində aliment müvafiq dövr üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının təxminən 0,33 mislini təşkil edib (300 X 0,33 = 99). Ona görə də ərizə qismən təmin olunmalı, Salyan 1 saylı Mediasiya Təşkilatında bağlanmış 02 dekabr 2022-ci il tarixli barışıq sazişi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq 08 aprel 2018-ci il təvəllüdlü X5 və 09 yanvar 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu tələbkar Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızının xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Salyan 1 saylı Mediasiya Təşkilatında bağlanmış 02 dekabr 2022-ci il tarixli barışıq sazişi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 08 aprel 2018-ci il təvəllüdlü X5 və 09 yanvar 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu tələbkar Vəliyeva (Mehdiyeva) Nuranə İlham qızının xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar