Məhkəmə qərarları › İş №8(053)-32/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-32/2025

08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-32/2025 08.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə X4 Neftçala Rayon Məhkəməsinin 2(053)-484/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 ilə Borclu arasında 06 fevral 2015-ci ildə bağlanmış və həmin tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 56 nömrəsi ilə qeydə alınmış nikah Neftçala Rayon Məhkəməsinin 2(053)-484/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, 17 noyabr 2010-cu il təvəllüdlü X6 X4 yanında qalması müəyyən edilmişdir. Eyni qətnaməyə əsasən 17 noyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 100 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi, alimentin 02 iyul 2020-ci il tarixindən hesablanması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 484/2020 nömrəli mülki iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya edilməsini, yəni 17 noyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 484/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən 17 noyabr 2010cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün borcludan hər ay 100 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan 5 il müddət keçmiş, Zəhra böyümüş və xərcləri kifayət qədər artmış, verilən aliment isə heç yaşayış minimumun yarısını təşkil etmir. Qanunvericiliyə əsasən uşaqlar (uşaq) yaşayış minimumundan az aliment ala bilməz. Faktiki uşağın saxlanılmasının bütün gücü onun üzərinə düşür və əziyyətini o çəkir. Uşağın xərcini ödəmək çox çətindir. X2 məktəblidir, onun təhsili ilə əlaqədar olan və digər xərcləri əhəmiyyətli dərəcədə artmışdır. Ona görə də təkbaşına uşağa baxdığı üçün verilən alimentin az olması uşağın dolanışığı üçün çatmır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq alimentin indeksasiya edilməsi üçün məhkəməyə müraciət etmişdir. X1 məhkəmə iclasına gəlməmiş, lakin 20 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ailəvi səbəblərinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılaraq ərizənin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Borclu məhkəmə iclasına gəlməmiş, lakin 13 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək şəkər xəstəsi olduğunu, işləmədiyini, Əhmədova Pərvinin digər borc üzrə məhkəmə qətnaməsini icra etməkdə maddi vəziyyətinə görə çətinlik çəkdiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə qismən təmin olunmalıdır. “Nikahın pozulması haqqında” və “Doğum haqqında” şəhadətnamələrin surətlərindən, habelə Neftçala Rayon Məhkəməsinin 2(053)-484/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, Borclu ilə X7 arasında 06 fevral 2015-ci ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, həmin nikahdan 17 noyabr 2010-cu ildə X9 adlı uşaq doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, 17 noyabr 2010-cu il təvəllüdlü X6 X4 yanında qalması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 100 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi, alimentin hesablanmasının 02 iyul 2020-ci il tarixindən həyata keçirilməli olduğu qət edilmişdir. Məsələnin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən «Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər». Göründüyü kimi məhkəmə qətnaməsi əsasında ödənilməli olan məbləğlərinin, o cümlədən sabit pul məbləğində alimentin indeksasiyasının həyata keçirilməsinin prosessual əsasları mülki-prosessual qanunvericilikdə təsbit olunub. Qüvvədə olan qanunvericilikdə alimentlə bağlı məhkəmə qətnamələri üzrə indeksasiya aparılması üsullarını müəyyən edən maddi-hüquq normaları da mövcuddur. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci abzasına əsasən aliment indeksləşdirilməlidir. Eyni Qanunun 4-cü maddəsinin sonuncu abzasına əsasən «Məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən «Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində əks olunan hüquqi mövqeyə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Həmin Qərarın 8.4-2-ci bəndinə görə “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Qeyd olunur ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat həddində müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 01 yanvar 2025-ci il tarixindən etibarən 400 manat məbləğində müəyyən edilib. Tələbkarın indeksasiya ilə bağlı ərizəsi məhkəməyə 06 avqust 2025-ci il tarixdə daxil olub. Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən tələbkarın öz ərizəsini “dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğində artım” baş verməsi ilə əlaqələndirdiyini nəzərə alaraq hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 484/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği indeksləşdirilməlidir. Məhkəmə 12 avqust 2020-ci il tarixli qətnamənin çıxarıldığı dövrdə ölkə üzrə minimum aylıq əmək haqqının 250 manat miqdarında müəyyən olunduğunu nəzərə alaraq qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 100 manat məbləğində aliment müvafiq dövr üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,40 mislini təşkil edib (250 X 0,40 = 100). Ona görə də ərizə qismən təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(053)- 484/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 17 noyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu X1nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-484/2020 nömrəli iş üzrə 12 avqust 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 17 noyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu X1nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar