Məhkəmə qərarları › İş №8(053)-36/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-36/2025

25.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-36/2025 25.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Əhmədova (Dadaşova) Aysel Raqib qızının Neftçala Rayon Məhkəməsinin 2(053)- 315/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-315/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə 21 avqust 2012-ci il təvəllüdlü X1, 12 noyabr 2014-cü il təvəllüdlü X2 və 25 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin tutularaq Əhmədova (Dadaşova) Aysel Raqib qızına verilməsi, alimentin 12 aprel 2021-ci il tarixindən hesablanması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Tələbkar Əhmədova (Dadaşova) Aysel Raqib qızı ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-315/2021 nömrəli mülki iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya edilməsini, yəni 21 avqust 2012-ci il təvəllüdlü X1, 12 noyabr 2014-cü il təvəllüdlü X2 və 25 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə cari ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Tələbkar Əhmədova (Dadaşova) Aysel Raqib qızı ərizəsini belə əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş 01 iyun 2021-ci il tarixli, 2(053)- 315/2021 nömrəli icra sənədinə əsasən uşaqları - 21 avqust 2012-ci il təvəllüdlü X1, 12 noyabr 2014-cü il təvəllüdlü X2 və 25 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Borclu hər ay cəmi 330 manat sabit pul məbləğində aliment tutulmalı və xeyrinə ödənilməlidir. İcra sənədi hazırda Neftçala rayon İcra və probasiya şöbəsinin icraatındadır. Hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-315/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləği indeksasiya olunmalı, həmin qətnaməyə əsasən təyin edilmiş aliment məbləği həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 44 mislini təşkil etdiyindən, hazırkı tələb əsasında indeksləşdirilməli məbləğ də cari il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,44 mislini təşkil etməlidir. Tələbkar Əhmədova (Dadaşova) Aysel Raqib qızı məhkəmə iclasına gəlməmiş, lakin 25 avqust 2025-ci ildə məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar olaraq təyin edilmiş məhkəmə iclasına gələ bilmədiyini bildirib, ərizənin təmin olunmasını xahiş etmişdir. Borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə təmin olunmalıdır. Məsələnin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən «Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər». Göründüyü kimi məhkəmə qətnaməsi əsasında ödənilməli olan məbləğlərinin, o cümlədən sabit pul məbləğində alimentin indeksasiyasının həyata keçirilməsinin prosessual əsasları mülki-prosessual qanunvericilikdə təsbit olunub. Qüvvədə olan qanunvericilikdə alimentlə bağlı məhkəmə qətnamələri üzrə indeksasiya aparılması üsullarını müəyyən edən maddi-hüquq normaları da mövcuddur. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci abzasına əsasən aliment indeksləşdirilməlidir. Eyni Qanunun 4-cü maddəsinin sonuncu abzasına əsasən «Məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən «Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində əks olunan hüquqi mövqeyə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Həmin Qərarın 8.4-2-ci bəndinə görə “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Qeyd olunur ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat həddində müəyyən edilmişdir (bu məbləğ 01 yanvar 2022-ci ilədək dəyişməyib). Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 01 yanvar 2025-ci il tarixindən etibarən 400 manat məbləğində müəyyən edilib. Tələbkarın indeksasiya ilə bağlı ərizəsi məhkəməyə 13 avqust 2025-ci il tarixdə daxil olub. Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən tələbkarın öz ərizəsini “dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğində artım” baş verməsi ilə əlaqələndirdiyini nəzərə alaraq hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 315/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği indeksləşdirilməlidir. Məhkəmə 01 iyun 2021-ci il tarixli qətnamənin çıxarıldığı dövrdə ölkə üzrə minimum aylıq əmək haqqının 250 manat miqdarında müəyyən olunduğunu nəzərə alaraq qeyd edir ki, bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 110 manat məbləğində aliment müvafiq dövr üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,44 mislini təşkil edib (250 X 0,44 = 110). Ona görə də ərizə təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(053)-315/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 21 avqust 2012-ci il təvəllüdlü X1, 12 noyabr 2014-cü il təvəllüdlü X2 və 25 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu tələbkar Əhmədova (Dadaşova) Aysel Raqib qızının xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-315/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 21 avqust 2012-ci il təvəllüdlü X1, 12 noyabr 2014-cü il təvəllüdlü X2 və 25 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu tələbkar Əhmədova (Dadaşova) Aysel Raqib qızının xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar