Məhkəmə qərarları › İş №8(053)-5/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-5/2024

15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-5/2024 15.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, X1 iştirakı ilə X1 Neftçala Rayon Məhkəməsinin 2(053)-493/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsinin icrası üsulunun dəyişdirilməsinə dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-493/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar QSC-nin cavabdeh X5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən 6.580,36 manat məbləğində kredit borcu, 2.188,06 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8.868,42 manat məbləğində borcun və ödənilmiş 108,68 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi, habelə iddiaçı Tələbkar QSC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 022A********** saylı kredit müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və 13 sentyabr 2022-ci ildə icraya yönəldilmişdir. X2 vəsatətlə məhkəməyə müraciət edərək, qətnamənin icrası üsulunun dəyişdirilərək, əmək haqqının 25 faizi məbləğində vaxtaşırı tutulmalarla icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında vəsatətini müdafiə edərək bildirmişdir ki, Tələbkar QSC ilə X3 arasında 10 iyun 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə Tələbkar QSC ilə aralarında eyni tarixli zaminlik müqaviləsi bağlanıb. X3 müqavilə ilə əldə edilən kredit məbləğindən tam şəkildə özü yararlanmış və zaminlik xidməti ilə bağlı ona heç bir muzd verməmişdir. Kredit müqaviləsi üzrə təyin edilmiş aylıq ödənişlər X3 tərəfindən lazımınca icra edilməmiş, həmçinin sonuncunun vəfatından sonra onun ailə üzvləri də kredit borcunu ödəməkdən birmənalı olaraq boyun qaçırmışlar. Bu səbəbdən bankın tələbi birbaşa ona qarşı yönəlmiş və Neftçala Rayon Məhkəməsinin 2(053)-493/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə ümumilikdə 8.977,10 manat məbləğində pul vəsaitinin ondan Tələbkar QSCnin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi əsasında tələb icra olunması üçün onun işlədiyi müəssisəyə göndərilmiş və aylıq əmək haqqının 50 faizinin vaxtaşırı tutulması yolu ilə icra edilir. Qeyd edir ki, aldığı 326 manat aylıq əmək haqqının 50 faizi məbləğində aylıq tutmaların aparılması onu maddi baxımdan ciddi sıxıntılara məruz qoyur. Bu halın ədalətli olmadığını düşünür. Bildirir ki, hazırda ağır xəstəlikdən əziyyət çəkir. Yaşlı həyat yoldaşı və müharibə veteranı olan oğlundan ibarət ailəsində yeganə işləyən özüdür. Əmək haqqının özündə qalan hissəsi özünün belə məsrəfləri üçün kifayət etmir. Bu səbəbdən ailə üzvləri də maddi baxımdan çətin vəziyyətə düşürlər. Digər tərəfdən şəxsi mülkiyyətində daşınar və ya daşınmaz əmlak, o cümlədən xüsusi qiymətli əşya da yoxdur. İcra sənədinin əmək haqqından 50 faizi tutulmalar aparılmaqla icra edilməsi əmlak, ailə və sağlamlıq vəziyyətinə olduqca mənfi təsir göstərməklə həyatının sosial-iqtisadi tarazlığını əhəmiyyətli dərəcədə pozur. Ona görə də məhkəmə qətnaməsinin icrası üsulunun dəyişdirilərək, müvafiq tutmaların əməkhaqqının 25 faizi miqdarında aparılmasına dair qərardad çıxarılmasını xahiş edir. Vəsatətə məhkəmədə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Tələbkar QSC habelə Maraqlı şəxs nümayəndə göndərməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə vəsatətə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə borclunu dinləyib, vəsatəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən vəsatət təmin edilə bilməz. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən “İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır”. Vəsatətin mahiyyətindən görünür ki, borclu (2(053)-493/2022 nömrəli mülki iş üzrə cavabdeh) X6 “qətnamənin icrası üsulunun dəyişdirilərək” əmək haqqından iddiaçının xeyrinə tutulmaların 50 faizdən 25 faizə endirilməsini xahiş edir. Məsələ ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki-prosessual qanunvericiliyə görə iddia tam və ya qismən təmin olunarkən, məhkəmə qətnamənin konkret icrası qaydasını və üsulunu müəyyənləşdirməyi zəruri hesab etdiyi təqdirdə, onun nəticəvi hissəsində həmin üsul və qaydanı dəqiq (konkret) göstərir. Belə olan halda qətnamə məhz onun nəticəvi hissəsində və icra sənədində göstərilən üsul və qayda ilə icra edilməlidir. Göstərilən halda qətnamənin başqa üsul və qayda ilə icrasına Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində nəzərdə tutulan məhkəmə aktı qəbul edilməyincə yol verilmir. Qətnamənin icrası üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində nəzərdə tutulanlar isə proses iştirakçılarının hüquqlarını təmin edən tədbirlərdir. Bu tədbirlər işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmaqla tətbiq olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, qətnamənin icrası üsulunun və qaydasının məhkəmə tərəfindən dəyişdirilməsi yalnız o, halda mümkün ola bilər ki, məhkəmə qətnaməsinin həmin qətnamənin nəticəvi hissəsində bilavasitə göstərilmiş konkret üsul və qayda ilə icra edilməsi obyektiv səbəbdən mümkün olmasın və ya əhəmiyyətli çətinlik törətsin (məsələn, iddiaçıya verilməsi qət olunmuş əmlakın qətnamənin icrası anında mövcud olmaması, istifadəyə yarasız olması və s. səbəbdən tələbin borclunun pul vəsaitinə yönəldilməsi). Hazırkı işin hallarından görünür ki, məhkəmə 2(053)-493/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsini qəbul edərkən yalnız borcludan (cavabdehdən) müvafiq pul məbləğinin tələbkarın (iddiaçının) xeyrinə tutulmalı olduğunu qət etmiş, bu zaman konkret icra üsulunu müəyyənləşdirməyi zəruri saymaması səbəbindən hər hansı konkret icra üsulunu da müəyyən etməmişdir. Qətnamənin icrasının borclunun əmək haqqına yönəldilməsi isə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun İİİ və Vİ fəsillərinin aidiyyəti müddəalarının tələblərinə əsasən baş verib. Beləliklə, ərizədə “qətnamənin icrası üsulunun dəyişdirilməsi” xahiş olunduğuna baxmayaraq, o, mahiyyət etibarilə qətnamənin icrası üsulunun dəyişdirilməsi ilə deyil, borclunun əmək haqqından tutmaların miqdarının azaldılması ilə bağlıdır. Ona görə də vəsatətdə (ərizədə) əks olunan xahiş “qətnamənin icrası üsulunun dəyişdirilməsinə” yönələn xahiş kimi qiymətləndirilə bilməz. Məhkəmə vəsatətlə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində aşağıdakılar qeyd olunur: “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki və ya inzibati prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir... Mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar”. 2(053)-493/2022 nömrəli mülki işin materiallarından, o cümlədən 29 iyul 2022-ci il tarixli qətnamədən görünür ki, Tələbkar QSC ilə X3 və X6 arasında müvafiq olaraq kredit və zaminlik müqavilələri 10 iyun 2019-cu ildə 36 ay müddətinə bağlanmış, öhdəliyin lazımınca icra olunmaması səbəbindən bank 18 aprel 2022-ci ildə iddia ilə məhkəməyə müraciət etmişdir. Qətnamə 13 sentyabr 2022-ci ildə icraya yönəldiyinə və həmin vaxtdan etibarən il yarımdan çox müddət keçdiyinə baxmayaraq, bu günədək icra edilməyib. Məhkəmə yuxarıda göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq hesab edir ki, borclunun əməkhaqqından tutmaların miqdarının azaldılması tələbkarın hüquqlarını və qanunla qorunun mənafelərini pozmaqla yanaşı qətnamənin ağlabatan müddətdə icra olunması tələbinə də zidd olar. Beləliklə, vəsatətin təmin olunması üçün heç bir qanuni əsas mövcud deyil. Ona görə də vəsatət rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Neftçala Rayon Məhkəməsinin 2(053)-493/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsinin icrası üsulunun dəyişdirilməsinə dair vəsatəti rədd edilsin. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar