Məhkəmə qərarları › İş №8(053)-54/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-54/2025

29.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-54/2025 29.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, X1nın, borclu Cavabdeh iştirakı ilə X2 Neftçala Rayon Məhkəməsinin 2(053)-101/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 ilə Cavabdeh arasında 28 sentyabr 2015-ci ildə bağlanmış və həmin tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2315 nömrəsi ilə qeydə alınmış nikah Neftçala Rayon Məhkəməsinin 2(053)-101/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, 06 iyun 2016-cı il təvəllüdlü X7 və 15 fevral 2021-ci il təvəllüdlü X3 boşanmadan sonra X2 yanında qalması müəyyən edilmişdir. Eyni qətnaməyə əsasən 06 iyun 2016-cı il təvəllüdlü X7 və 15 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 220 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 101/2024 nömrəli mülki iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya edilməsini, yəni 06 iyun 2016-cı il təvəllüdlü X7 və 15 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün borclu Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. X1 ərizəyə məhkəmədə baxılması zamanı bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-101/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən 28 sentyabr 2015-ci ildə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş 06 iyun 2016-cı il təvəllüdlü X7 və 15 fevral 2021-ci il təvəllüdlü X3 onun yanında qalmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 29 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarında alimentin indeksasiya edilməsi barədə göstərişlər verilmişdir. Tələbkar həmçinin qeyd edir ki, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının artması səbəbindən alimentin indeksləşdirilməsi zəruridir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Borclu Cavabdeh ərizəyə məhkəmədə baxılması zamanı bildirmişdir ki, hal-hazırda işləmir və 3-cü qrup əlildir. İddiaçıya və uşaqlarına ev almaq məqsədilə bankdan kredit götürmüş və həmin kredit borcuna görə aylıq 450 manat banka ödəniş edir. Ondan tutulan aliment məbləği də kifayət qədər yüksəkdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 06 iyun 2016-cı il təvəllüdlü X10 və 15 fevral 2021-ci il təvəllüdlü X8 adlı uşaqlar doğulub. Uşaqların atası Cavabdeh, anası isə X5r. «Mygov» tətbiqindən əldə olunmuş əlillik barədə məlumatdan görünür ki, Cavabdeh ümumi xəstəlik səbəbi ilə (diaqnoz: Böyrəyin qazanılma olmaması, Xroniki nielonefrit (vahid qalmış sağ böyrəyin)) üçüncü dərəcəli əlildir. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2025-ci il tarixli AGİD**********1 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 15 iyul 2030-cu il tarixədək illik 23 faiz ödəmək şərtilə 14.400 manat məbləğində kredit verilmişdir. Məsələnin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən «Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər». Göründüyü kimi məhkəmə qətnaməsi əsasında ödənilməli olan pul məbləğlərinin, o cümlədən sabit pul məbləğində alimentin indeksasiyasının həyata keçirilməsinin prosessual əsasları mülki-prosessual qanunvericilikdə təsbit olunub. Qüvvədə olan qanunvericilikdə alimentlə bağlı məhkəmə qətnamələri üzrə indeksasiya aparılması üsullarını müəyyən edən maddi-hüquq normaları da mövcuddur. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci abzasına əsasən aliment indeksləşdirilməlidir. Eyni Qanunun 4-cü maddəsinin sonuncu abzasına əsasən «Məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən «Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində əks olunan hüquqi mövqeyə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Həmin Qərarın 8.4-2-ci bəndinə görə “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Qeyd olunur ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli 3708 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat həddində müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 01 yanvar 2025-ci il tarixindən etibarən 400 manat məbləğində müəyyən edilib. Tələbkarın indeksasiya ilə bağlı ərizəsi məhkəməyə 19 sentyabr 2025-ci il tarixdə daxil olub. Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən tələbkarın öz ərizəsini “dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğində artım” baş verməsi ilə əlaqələndirdiyini nəzərə alaraq hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 101/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği indeksləşdirilməlidir. Məhkəmə 18 yanvar 2024-cü il tarixli qətnamənin çıxarıldığı dövrdə ölkə üzrə minimum aylıq əmək haqqının 345 manat miqdarında müəyyən olunduğunu nəzərə alaraq qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 220 manat məbləğində aliment müvafiq dövr üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının təxminən 0,64 mislini təşkil edib (345 X 0,64 = 220,8). Ona görə də ərizə qismən təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(053)- 101/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 06 iyun 2016-cı il təvəllüdlü X7 və 15 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün borclu Cavabdeh X1nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-101/2024 nömrəli iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 06 iyun 2016-cı il təvəllüdlü X7 və 15 fevral 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün borclu Cavabdeh X1nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar