Məhkəmə qərarları › İş №8(053)-6/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-6/2023

24.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-6/2023 24.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Tələbkar, X1 iştirakı ilə Neftçala Rayon Məhkəməsinin 06 iyul 2021-cı il tarixli, 2(053)-366/2021 saylı qətnaməsi ilə tutulan borcun hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu X2 Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(053)-366/2021 saylı qətnaməsi ilə tutulan borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(053)-366/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, Neftçala Rayon Məhkəməsinin 06 iyul 2021-cı il tarixli, 2(053)-366/2021 saylı qətnaməsinə əsasən ondan 4400 (dörd min dörd yüz) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İcra sənədi üzrə tələb olunan borcu tam şəkildə ödəmək imkanı yoxdur. Hazırda maddi cəhətdən ağır durumdadır. Məhkəmə iclasında Tələbkar izahat verərək bildirdi ki, X3 tərəfindən bu vaxta qədər heç bir ödəniş aparılmamışdır. Bu səbəbdən ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş 06 iyul 2021-ci il tarixli, 2(053)-366/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X4 4400 (dörd min dörd yüz) manat məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. X1 icra sənədinin hissə-hissə icrası barədə tələblərini araşdıraraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qətnamənin hissə-hissə icrası qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin hissə-hissə icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, hissə-hissə icra ilə borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Bundan əlavə, qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, hissə-hissə icranın qaydası müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli, 4 nömrəli Qərarının 12-ci bəndində qeyd etmişdir ki, məhkəmələrə izah edilsin ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Lakin işdən görünür ki, qətnamə hissə-hissə icra olunarsa borclunun qətnaməni icra etmək üçün hansı gəlir əldə edəcəyi, yaxud əmlaka malik olacağı, eləcə də qətnamənin hansı hissələrdə və müddətdə hissə-hissə icra olunacağı konkret olaraq əsaslandırılmamış, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, müvafiq qətnamənin çıxarıldığı vaxtdan 1 il 6 aydan çox vaxt keçmiş, buna baxmayaraq qətnamə icra edilməmişdir. Qətnamənin bundan sonra da icrasının gecikdirilməsi tələbkarın qanuni mənafelərinin pozulması ilə nəticələnə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Neftçala Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(053)-366/2021 saylı qətnaməsi ilə tutulan borcun hissə-hissə icra edilməsinə dair X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar