Məhkəmə qərarları › İş №8(053)-7/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-7/2023

06.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-7/2023 06.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Tələbkar, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-628/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixdə verilmiş, 05 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3700 (üç min yeddi yüz) manat məbləğində pul və 57 (əlli yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 628/2022 nömrəli iş üzrə 05 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3700 (üç min yeddi yüz) manat məbləğində pul və 57 (əlli yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İş üzrə icraata başlanılmış, tələbin könüllü icra olunması üçün Borclu rəsmi qərar, bildiriş təqdim olunmuş, lakin borc tam qaydada ödənilməmiş, təqdimat verilən günə onun 3157 manat qalıq borcu qalmışdır. Göstərilən səbəblərdən borclunun icra sənədini icra etməkdən yayınmaq məqsədi olduğunu və Azərbaycan Respublikasının sərhədlərindən xaricə çıxmaq ehtimalı yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq borclu Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan və yaşayan, xx xxxxxx 1993-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında təqdimatı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Tələbkar məhkəmə iclasında izahat verərək, təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-628/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixdə verilmiş, 05 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3700 (üç min yeddi yüz) manat məbləğində pul və 57 (əlli yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İcra sənədi üzrə Borclu ümumi borc məbləğindən 600 (altı yüz) manat ödəniş etsə də, xeyli vaxtdır ki, qalan 3100 (üç min yüz) manat məbləğində pul və 57 (əlli yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu borcundan heç bir ödəniş ödəməmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır ”. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən “Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir”. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir”. “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Göründüyü kimi icra məmuru icra sənədinin icrası ilə bağlı qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri görmüşdür. Neftçala Rayon Məhkəməsinin 2(053)-628/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixdə verilmiş, 05 oktyabr 2022-ci il tarixli icra sənədinin icra olunması ilə əlaqədar Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tuturaq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-628/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixdə verilmiş, 05 oktyabr 2022-ci il tarixli icra sənədinin icra olunması ilə əlaqədar Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar