Məhkəmə qərarları › İş №8(053)-79/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-79/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-79/2025 06.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə X4 Neftçala Rayon Məhkəməsinin 2(053)-867/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-867/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Neftçala Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2(053)- 1200/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 14 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 120 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 867/2018 nömrəli mülki iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına mütənasib olaraq indeksasiya edilməsini xahiş etmişdir. X2 ərizəsini belə əsaslandırmışdır ki, Borclu ilə 25 dekabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından 14 oktyabr 2013-cü il təvəllüdlü X8 adlı uşaq doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə nikahı pozulmuş, həmçinin borcludan uşağın saxlanması üçün hər ay 60 manat olmaqla sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Daha sonra Neftçala Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin miqdarı artırılaraq hər ay 80 manat olmaqla sabit pul məbləğində müəyyən edilmişdir. Bundan da sonra Neftçala Rayon Məhkəməsinin 2(053)-867/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Borclu tutulan alimentin miqdarı artırılaraq 14 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan xeyli müddət keçmiş, uşaq böyümüş və xərcləri kifayət qədər artmışdır. Borclu tərəfindən ödənilən aliment isə heç yaşayış minimumunun yarısını belə təşkil etmir. Borcludan aliment tutulmasına baxmayaraq, o, uşağın heç bir xərcini ödəmir. Odur ki, bütün bunları nəzərə alınması üçün alimentin indeksləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Lakin Borclu ödədiyi aliment məbləği uşağa görə yaşayış minimumuna çatmır və qərar qəbul edilərkən bu mütləq nəzərə alınmalıdır. Hazırda X1 rayon Mirqurbanlı kənd Tofiq İsmayılov adına tam orta məktəbin 7-ci sinfində təhsil alır və bu da uşağın xərclərinin artması deməkdir. Hesab edir ki, borcludan tutulan alimentin miqdarı 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına mütənasib olaraq indeksasiya edilməlidir. X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Borclu da məhkəmə iclasına gəlməmiş, lakin 05 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, X10 ilə nikahları pozulduqdan sonra hər ay üzərinə düşən öhdəliyə görə vaxtlı-vaxtında alimenti ödəmişdir. Onun tələbkara heç bir borcu yoxdur. Nikah pozulanda 60 manat aliment kəsilmiş, sonradan iddiaçı alimentin artırılmasına görə yenidən müraciət etmiş və 80 manat aliment artırılmışdır. Ümumi məbləğ 120 manat təşkil edir. Aydın məsələdir ki, tələbkar indi də alimentin artırılması üçün məhkəməyə müraciət etmişdir. 12 ildir ki, o, uşağını görmür, amma alimenti vaxtlıvaxtında ödəyir. Hazırda 2-ci dərəcəli əlildir və şəkər xəstəliyindən əziyyət çəkir. Hər ay 220 manat təqaüd alır. Şəkəri yüksək olduğuna görə hər iki ayağı kəsilmiş, gözləri isə görmür. Buna görə də heç bir yerdə işləyə, evdən bayıra çıxa bilmir. 220 manat təqaüddən aliment göndərir, qalan hissəni də dərmanlara çatdıra bilmir. Hərəkət edə bilmədiyinə görə məhkəməyə gələ bilmir. Şəkəri həddindən artıq yüksək olduğundan həkim nəzarətindədir. Kəsilmiş ayağını və gözünün zəif olduğunu nəzərə alaraq, üzrlü səbəbə görə məhkəmədə iştirak edə bilmir. O, alimentin artırılmasına razı deyil. Çünki ödəniş edə bilməyəcək. Göndərdiyi sənədlər və şəkillər də onun hansı vəziyyətdə olduğunu və əziyyət çəkdiyini aşkar şəkildə izah edir. 06 noyabr 2025-ci il tarixinə saat 09.45-ə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, ərizəsini nəzarətdən keçirdikdən sonra ədalətli qərar qəbul edilməsini və ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə təmin olunmalıdır. “Nikahın pozulması haqqında” və “Doğum haqqında” şəhadətnamələrin surətlərindən, habelə Neftçala Rayon Məhkəməsinin 2(053)-990/2015 nömrəli iş üzrə 16 noyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, Borclu ilə X7 arasında 25 dekabr 2012ci ildə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, həmin nikahdan 14 oktyabr 2013-cü ildə X8 adlı uşaq doğulmuşdur. Neftçala Rayon Məhkəməsinin yuxarıda göstərilən qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, 14 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 60 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi, alimentin 16 noyabr 2015-ci il tarixindən hesablanması qət edilmişdir. Bununla yanaşı, Neftçala Rayon Məhkəməsinin 2(053)-867/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-1200/2016 nömrəli iş üzrə 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu tutulmalı olan alimentin miqdarı artırılaraq hər ay 80 manat olmaqla sabit pul məbləğində müəyyən edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-867/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 2(053)-1200/2016 nömrəli iş üzrə 22 avqust 2016-cı il tarixli qətnamə ilə müəyyən olunmuş aliment miqdarı da artırılmış, 14 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 120 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışla müəyyən olunur ki, xx.xx.1979-cu il təvəllüdlü Borclu ümumi xəstəlik səbəbi ilə (diaqnoz: Oliqofreniya imbesillik dərəcəsində) ikinci dərəcəli əlildir. Borclu tərəfindən təqdim olunmuş tibbi sənədlərdən görünür ki, o, şəkərli diabet və göz xəstəliyindən əziyyət çəkir. Borclu tərəfindən təqdim olunmuş fotoşəkillərdən onun ayaq barmaqlarının kəsildiyi görünür. Məsələnin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən «Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər». Göründüyü kimi məhkəmə qətnaməsi əsasında ödənilməli olan məbləğlərinin, o cümlədən sabit pul məbləğində alimentin indeksasiyasının həyata keçirilməsinin prosessual əsasları mülki-prosessual qanunvericilikdə təsbit olunub. Qüvvədə olan qanunvericilikdə alimentlə bağlı məhkəmə qətnamələri üzrə indeksasiya aparılması üsullarını müəyyən edən maddi-hüquq normaları da mövcuddur. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci abzasına əsasən aliment indeksləşdirilməlidir. Eyni Qanunun 4-cü maddəsinin sonuncu abzasına əsasən «Məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən «Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində əks olunan hüquqi mövqeyə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Həmin Qərarın 8.4-2-ci bəndinə görə “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Qeyd olunur ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat həddində müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 01 yanvar 2025-ci il tarixindən etibarən 400 manat məbləğində müəyyən edilib. Tələbkarın indeksasiya ilə bağlı ərizəsi məhkəməyə 27 oktyabr 2025-ci il tarixdə daxil olub. Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən tələbkarın öz ərizəsini “dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğində artım” baş verməsi ilə əlaqələndirdiyini nəzərə alaraq hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 867/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği indeksləşdirilməlidir. Məhkəmə 26 dekabr 2018-ci il tarixli qətnamənin çıxarıldığı dövrdə ölkə üzrə minimum aylıq əmək haqqının 130 manat miqdarında müəyyən olunduğunu nəzərə alaraq qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 120 manat məbləğində aliment müvafiq dövr üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının təxminən 0,92 mislini təşkil edib (130 X 0,92 = 119,60). Ona görə də ərizə təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(053)-867/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 14 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu X2nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-867/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 14 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu X2nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar