Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-82/2025 26.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə X2 Neftçala Rayon Məhkəməsinin 2(053)-765/2014 nömrəli iş üzrə 20 noyabr 2014-cü il tarixli məhkəmə əmri ilə tutulmuş pul məbləğinin indeksasiyası ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-765/2014 nömrəli iş üzrə 20 noyabr 2014-cü il tarixli məhkəmə əmrinə əsasən “Neftçala şəhəri, H.Aslanov küçəsi, ev 15, mənzil 1-də yaşayan Borclu1 və Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi, ev 25, mənzil 5-də yaşayan Borclu2 282,52 AZN əsas borc və 21 AZN dövlət rüsumu, cəmi 303,52 (üç yüz üç manat 52 qəpik) AZN məbləğində pul tutulub X3” ödənilməlidir. Məhkəmə əmri qüvvəyə minmiş və icraya yönəldilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 765/2014 nömrəli mülki iş üzrə 20 noyabr 2014-cü il tarixli məhkəmə əmri üzrə ödənilməmiş 199,52 manat məbləğində pulun indeksləşdirilərək 2014-cü ilin noyabr ayından 2025-ci ilin aprel ayınadək 202,90 faiz artımı nəzərə alaraq cəmi 604,35 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsini xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 765/2014 nömrəli, 20 noyabr 2014-cü il tarixli məhkəmə əmrinə əsasən, borclular Borclu1 və Borclu2 cəmi 303,52 manat məbləğində pulun müştərək qaydada tutularaq X2 xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci ildə aprel ayında 2014-cü ilin noyabr ayına nisbətən istehlak qiymətləri indeksi 202,90 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,0 dəfə artmışdır. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Ərizəçi hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-765/2014 nömrəli mülki iş üzrə 20 noyabr 2014-cü il məhkəmə qərarı üzrə ödənilməmiş 199,52 manat məbləğ indeksləşdirilərək, 2014-cü ilin noyabr ayından - 2025-ci ilin aprel ayınadək 202,90 faiz artımı (199,52 AZN x 202,90 % = 404,83 AZN) nəzərə alaraq cəmi 604,35 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirməlidir. X1 məhkəmə iclasına gəlməmiş, 26 noyabr 2025-ci ildə ərizə göndərərək zəruri sənədlərin artıq məhkəməyə təqdim olunduğunu bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Borclular Borclu1 və Borclu2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə qismən təmin olunmalıdır. Məsələnin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 232.1 və 232.2-ci maddələrinə əsasən “Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər”, “Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur”. Həmin Məcəllənin 284.1-ci maddəsinə əsasən «Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir...». Məhkəmə əmrinin qətnamə qüvvəsinə malik olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, əmrlə müəyyən olunmuş pul məbləğinin Azərbaycan Respublikası MPM-nin 232-ci maddəsində nəzərdə tutulan qaydada indeksasiyası mümkün sayılmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2025-ci il tarixli qərarında qeyd olunur ki, “Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir. Eyni zamanda, bu institut prosessual qənaət prinsipinin məqsədləri baxımından artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı olan pul məbləğlərinə dair yeni iddianın qaldırılmasının qarşısını alır. Konstitusiya Məhkəməsinin Plenumu oxşar mövqeyi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr tarixli Qərarında ifadə etmişdir. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi həmin Məcəllənin “birinci instansiya məhkəməsində icraat” adlı ikinci bölməsində yerləşməklə, məhz bilavasitə məhkəmənin özü tərəfindən baxılaraq həll olunmuş mübahisə üzrə qəbul edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan yekun məhkəmə aktı əsasında tutulmalı pul məbləğlərinin indeksasiyasını nəzərdə tutur”. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə “İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2025-ci il 15 aprel tarixli Qərarı). O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. İndeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. ... İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. Həmin Qanunun 2-ci maddəsində vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsası kimi istehlak qiymətlərinin indeksi nəzərdə tutulmuşdur. İstehlak qiymətlərinin indeksi isə əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsinə respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən Konstitusiya İşi üzrə belə qərara gəlmişdir ki, “1. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. 2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir”. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci abzasına əsasən “Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır”. Qeyd olunmalıdır ki, hazırkı işlə əlaqəli məhkəmə əmri 20 noyabr 2014-cü ildə qəbul olunmuş və həmin ilin dekabr ayında qüvvəyə minmişdir. Tələbkarın indeksasiya ilə bağlı ərizəsi isə məhkəməyə 31 oktyabr 2025-ci il tarixdə daxil olub. Göstərilənlər nəzərə alınaraq istehlak qiymətləri indeksinin 2014-cü ilin dekabr ayının əvvəlindən cari ilin oktyabr ayınadək neçə faiz təşkil etməsinin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sorğu ilə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həmin sorğuya cavab olaraq 12 noyabr 2025-ci il tarixli 3-34/2-840/02-2/2025 nömrəli məktubu ilə bildirmişdir ki, istehlak qiymətləri indeksi 2025-ci ilin sentyabr ayında 2014-cü ilin dekabr ayına nisbətən 203,6 faiz təşkil edib. Beləliklə, Neftçala Rayon Məhkəməsinin 2(053)-765/2014 nömrəli iş üzrə 20 noyabr 2014-cü il tarixli məhkəmə əmri üzrə ödənilməmiş 199,52 manat indeksləşdirilmə nəticəsində 406,22 manat təşkil edəcək (199,52 manat X 203,6 faiz : 100 faiz = 406,22 manat). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Neftçala Rayon Məhkəməsinin 2(053)-765/2014 nömrəli iş üzrə 20 noyabr 2014-cü il tarixli məhkəmə əmrinə əsasən Borclu1 və Borclu2 X2 xeyrinə tutulmalı olan ümumi pul məbləği indeksləşdirilərək 406 (dörd yüz altı) manat 22 (iyirmi iki) qəpik məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-82/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-82/2025
26.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver