Məhkəmə qərarları › İş №8(053)-9/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-9/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-9/2025 19.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(053)-1148/2023 nömrəli icra sənədinə əsasən Borclu 9.350 manat məbləğində əsas borc, 1.381,38 manat məbləğində faiz və 200 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10.931,38 manat pul və ödənilmiş 122,79 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-yə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, 09 fevral 2024-cü il tarixli qərarla icraatına başladığı Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli, e-2(053)- 1148/2023 nömrəli icra sənədinə əsasən xx xxxxx 1979-cu ildə doğulmuş və Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan Borclu 10.931,38 manat məbləğində pul vəsaiti və 122,79 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 09 fevral 2024-cü il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu bildiriş, habelə icraata başlamaq haqqında qərarın surəti verilmiş və onun izahatı alınmışdır. Borcluya dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, icra sənədi üzrə Tələbkar ASC-yə olan borcunu tam olaraq ödəməmişdir. Təqdimat məhkəməyə təqdim olunan günə onun 10.704,17 manat məbləğində borcu qalmışdır. Borclu borcunun olduğu əsas götürülərək ölkə ərazisini tərk edə biləcəyi ehtimalı yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında təqdimatı müdafiə edərək qeyd etmişdir ki, borclu borcundan ödəniş etmir. Təqdimatın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Neftçala Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(053)-1148/2023 nömrəli icra sənədinə əsasən Borclu 9.350 manat məbləğində əsas borc, 1.381,38 manat məbləğində faiz və 200 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10.931,38 manat pul və ödənilmiş 122,79 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-yə ödənilməlidir. Borclu bu müddət ərzində icra sənədi üzrə 227,21 manat ödəniş etmişdir. Tələbkar ASC Neftçala rayon İcra və probasiya şöbəsinə rəsmi məktubla müraciət edərək icra sənədi üzrə icraatın davam etdirilməsini və icra tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1979-cu ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar