Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(053)-93/2025 12.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə X2 Neftçala Rayon Məhkəməsinin 2(053)-588/2023 nömrəli iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası ilə bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 ilə Borclu arasında 18 sentyabr 2015-ci ildə bağlanmış və həmin tarixdə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən 283 nömrəsi ilə qeydə alınmış nikah Neftçala Rayon Məhkəməsinin 2(053)-588/2023 nömrəli iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, 24 may 2016-cı il təvəllüdlü X3 və 08 fevral 2019-cu il təvəllüdlü X4 boşanmadan sonra X2 yanında qalması müəyyən edilmişdir. Eyni qətnaməyə əsasən 24 may 2016-cı il təvəllüdlü X3 və 08 fevral 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu hər ay hər bir uşağa görə 150 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X5 verilməlidir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 588/2023 nömrəli mülki iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına mütənasib olaraq indeksasiya edilməsini xahiş etmişdir. X1 ərizəsini belə əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 588/2023 nömrəli mülki iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə Borclu 24 may 2016-cı il təvəllüdlü X3 və 08 fevral 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin ona ödənilməsi qət edilmişdir. Hazırda həmin qətnamənin qəbul edilməsindən 2 ildən çox vaxt keçmiş, uşaqlar böyümüş və onların xərcləri kifayət qədər artmışdır. Uşaqların saxlanılmasının bütün gücü onun üzərinə düşdüyündən onların xərclərini ödəməkdə çətinlik çəkir. Uşaqların hər ikisi məktəblidir və ödənilən aliment onların dolanışığı üçün kifayət etmir. Tələbkar həmçinin qeyd edir ki, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının artması səbəbindən alimentin indeksləşdirilməsi zəruridir. Borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə təmin olunmalıdır. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, Borclu ilə X7 arasında olan nikah pozulmuşdur. Bu barədə 09 fevral 2024-cü ildə 07 nömrəsi ilə qeydiyyat aparılıb. Nikah pozulduqdan sonra tələbkar «Hüseynova» soyadına qayıdıb. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 24 may 2016-cı il təvəllüdlü X8 və 08 fevral 2019-cu il təvəllüdlü X9 adlı uşaqlar doğulub. Uşaqların atası Borclu, anası isə X6r. Məsələnin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən «Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər». Göründüyü kimi məhkəmə qətnaməsi əsasında ödənilməli olan pul məbləğlərinin, o cümlədən sabit pul məbləğində alimentin indeksasiyasının həyata keçirilməsinin prosessual əsasları mülki-prosessual qanunvericilikdə təsbit olunub. Qüvvədə olan qanunvericilikdə alimentlə bağlı məhkəmə qətnamələri üzrə indeksasiya aparılması üsullarını müəyyən edən maddi-hüquq normaları da mövcuddur. «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci abzasına əsasən aliment indeksləşdirilməlidir. Eyni Qanunun 4-cü maddəsinin sonuncu abzasına əsasən «Məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir». Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən «Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində əks olunan hüquqi mövqeyə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Həmin Qərarın 8.4-2-ci bəndinə görə “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir)”. Qeyd olunur ki, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli 3708 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat həddində müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 01 yanvar 2025-ci il tarixindən etibarən 400 manat məbləğində müəyyən edilib. Tələbkarın indeksasiya ilə bağlı ərizəsi məhkəməyə 02 dekabr 2025-ci il tarixdə daxil olub. Məhkəmə yuxarıda göstərilənləri, o cümlədən tələbkarın öz ərizəsini “dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğində artım” baş verməsi ilə əlaqələndirdiyini nəzərə alaraq hesab edir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 588/2023 nömrəli iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği indeksləşdirilməlidir. Məhkəmə 24 noyabr 2023-cü il tarixli qətnamənin çıxarıldığı dövrdə ölkə üzrə minimum aylıq əmək haqqının 345 manat miqdarında müəyyən olunduğunu nəzərə alaraq qeyd edir ki, bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 150 manat məbləğində aliment müvafiq dövr üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının təxminən 0,43 mislini təşkil edib (345 X 0,43 = 148,35). Ona görə də ərizə təmin olunmalı, Neftçala Rayon Məhkəməsinin 2(053)-588/2023 nömrəli iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 24 may 2016-cı il təvəllüdlü X3 və 08 fevral 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu X1nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-588/2023 nömrəli iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, 24 may 2016-cı il təvəllüdlü X3 və 08 fevral 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Borclu X1nın xeyrinə tutulan alimentin miqdarı sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(053)-93/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(053)-93/2025
12.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver