Məhkəmə qərarları › İş №8(054)-105/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-105/2025

04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-105/2025 04.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Borclu iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 2(054)-126/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2025-ci il tarixində Oğuz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyəti yoxlanılmış, “elektron icra” informasiya sistemi üzrə borcluya aid əmlak və gəlir yeri müəyyən edilməmişdir. Hazırki vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və qalıq 12543.25 manat borc vardır. Hesab edir ki, gələcəkdə borclunun borcu ödəmədən ölkə hüdudlarını keçərək xaricə getmək ehtimalı olduğundan icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu oğlu izahat verərək təqdimat barədə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-126/2025 saylı xx.xx.2025ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2024-cü il tarixli borc müqaviləsinə görə 6500 manat, xx.xx.2024-cü il tarixli borc müqaviləsinə görə 5500 manat, cəmi 12000 (on iki min) manat pul, hüquqi yardım üçün 400 (dörd yüz) manat xidmət haqqı, 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat etibarnaməyə ödənilən haqq və 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2025-ci il tarixdə borcluya çatdırılmışdır. İş materiallarından görünür ki, borclunun əmlak vəziyyəti yoxlanılmış məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmişdir. Eyni zamanda mülkiyyət hüququ ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Borclu barəsində həmin tarixdə axtarış elan edilmiş və icra edilməsi Oğuz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-126/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.1994-cü il tarixdə Oğuz rayonu Kərimli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar