Məhkəmə qərarları › İş №8(054)-12/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-12/2024

19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-12/2024 19.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar oğlunun iştirakı ilə Oğuz Rayon Məhkəməsinin 2(054)-37/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu Oğuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Oğuz rayon İcra və Probasiya şöbəsinin təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və Probasiya şöbəsi xx.xx.2024-cü il tarixli təqdimatla bildirmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-37/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatda Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən, iddiaçı Tələbkar oğlu və digərlərinin mülkiyyətində olan, xx.xx.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəsinə gedən, cavabdeh Borclu tərəfindən tutulmuş yol məcburi qaydada açılmalı və həmin torpaq sahəsindən istifadə edilməsinə maneələrə son qoyulmalı, 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağacları cavabdeh Borclu vəsaiti hesabına çıxarılmalı, iddiaçı Tələbkar oğlu tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 10 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq Tələbkar oğluna ödənilməli olduğundan cavabdehə tələbin könüllü icrası üçün vaxt verilmiş, ona müxtəlif tarixlərdə xəbərdarlıqlar edilmiş, şöbəyə dəvət olunsa da gəlməmişdir. Borclunun icra yerinə gəlməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərar çıxarılmış, lakin borclu qərarın icrası ilə bağlı könüllü olaraq şöbəyə gəlməmişdir. İcra tədbirlərinin görülməsi üçün borclunun icra yerinə gəlməsi zərurəti yarandığından borclu məcburi qaydada şöbəyə gətirilməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq borclu, Bakı şəhəri Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 9, mənzil 88-də qeydiyyatda olmaqla ev 9a,mənzil 26-da yaşayan Borclu Oğuz rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimata baxılması xahiş olunmuşdur. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Abdurahmanov məhkəmə iclasında qeyd edilən icra sənədinin icraatında olduğunu, qanuni şəkildə müvafiq prosessual hərəkətlərin aparıldığını, borclu tərəfindən indiyədək icra vərəqəsinin icrası ilə bağlı hər hansı tədbirin görülmədiyini, tələbin könüllü icrası haqqında bildirişin rəsmi şəkildə borcluya təqdim edildiyini, xx.xx.2024-cü il tarixdə borclunun şöbəyə gəldiyini, həmin tarixdə yazılı iltizam verərək icra sənədi üzrə icra tədbirlərinin aparılması üçün xx.xx.2024-cü il tarixdə şöbəyə gələcəyinə söz verdiyini bildirdi, qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi.(iltizamın surəti xx.xx.2024-cü il tarixdə işə əlavə edilmişdir.) Tələbkar oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, mülki iş üzrə icra vərəqəsi xx.xx.2022-ci ildə icraya yönəldilib. Qətnamə ilə onun üzərinə qoyulmuş tələb tam məbləğdə icra edilib, xx.xx.2022-ci il tarixdə 2500 manat pul onun tərəfindən ödənilib, lakin qarşı tərəf qətnamənin icrasına qərəzli şəkildə mane olur. İcra zamanı torpaq sahəsi ölçülərkən fərq yarandığından təkrar şəkildə GPS aparatı vasitəsilə ölçmənin aparılması üçün 95 manat ekspertiza xərcini icra işinin ləngiməməsi məqsədilə Borclu əvəzinə o özü könüllü olaraq ödəyib. İstər qətnamədə göstərilən şəkildə, istərsə də yeni ölçülərlə olmasına baxmayaraq icra işinin təcili başa çatdırılmasını tələb edir.Qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Borclu xx.xx.2024-cü il tarixdə Oğuz Rayon Məhkəməsində ərizəsi üzrə baxılan iş üzrə məhkəmə iclasında iştirak etmiş, həmin tarixli ərizəsi ilə həmin gün Oğuz rayon İcra və probasiya şöbəsində izahat verdiyini, icra üçün gələcəyinə söz verdiyini bildirmiş, 8(054)-12/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.(xx.xx.2024-cü il tarixli ərizə həmin tarixdə işə əlavə edilmişdir.) Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, 25406/2022- 31-6-004 saylı bildirişin, xx.xx.2022-ci il tarixlı izahatın, xx.xx.2023-cü il tarixli aktın, “SMS bildirişlərin” göndərilməsi barədə çıxarışların surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə araşdırması əsasında müəyyən edildi ki, borclu xx.xx.2024-cü il tarixdə məhkəmədə baxılan işlə bağlı məhkəmə iclasında iştirak etmiş, eyni zamanda həmin tarixdə Oğuz rayon İcra və probasiya şöbəsində olmuş, xx.xx.2024-cü il tarixdə şöbədə olacağına dair iltizam vermişdir.Beləliklə, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, təqdimatın təmin edilməsi məqsədə müvafiq deyil. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz Rayon Məhkəməsinin 2(054)-37/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu Oğuz rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair Oğuz rayon İcra və Probasiya şöbəsinin 06 mart 2024-cü il tarixli təqdimatı təmin edilməsin. Qərardaddan surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar