Məhkəmə qərarları › İş №8(054)-15/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-15/2025

05.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-15/2025 05.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, Oğuz rayon Zərrab kənd sakini X1 Oğuz Rayon Məhkəməsinin 2(054)-494/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Tələbkar oğıu cavabdeh X2 qarşı 5000 manat borcun və 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-494/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qanuni qüvvəsini almış qətnamə üzrə icra vərəqəsi icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Oğuz rayon Zərrab kəndində yaşayır və heç bir yerdə işləmir. Ayın müəyyən günlərində günəmuzd pul əldə etsə də, həmin məbləğ ailənin xərclərinə və mənzil kommunal xərclərinə sərf olunur. Sözügedən qətnamə üzrə 5070 manat borcundan 4070 manat hissəsini ödəmiş, ailə vəziyyətinə görə qalan 1000 manat borcu birdəfəyə ödəyə bilmir, belə ki, 1-ci qrup əlil anasına qulluq edir, oğlu universitetdə təhsil alır, qızı isə məktəbdə oxuyur. Məşğulluq xidmətinə müraciət edib, lakin indiyədək işlə təmin olunmayıb. 1000 manat borcunu hissələrlə ödəmək istəsə də tələbkar buna razı olmur. Sözügedən qətnamə ilə ödənilməli borcun qalıq qalmış 1000 manatının ayda 100 manat olmaqla hissələrlə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, borclu X3 ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Oğuz Rayon Məhkəməsinin sözügedən qətnaməsini, 1-ci qrup əlilə xidmət etməklə bağlı 100 manat vəsaitin ona ödənilməsinə dair e-Sosial Elektron İnformasiya sistemindən çıxarışın surətini, eləcə də icra nümayəndəliyinin ailə tərkibinə dair xx.xx.2025-ci il tarixli arayışını əlavə etmişdir. Həmin arayışla borclunun ailə tərkibinin 1979-cu il təvəllüdlü arvadı, 2005ci il təvəllüdlü oğlu və 2008-ci il təvəllüdlü qızından ibarət olduğu, ailə üzvlərinin Zərrab kəndində qeydiyyatda olmadıqları bildirilmişdir. X3 borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti haqqında məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələlərin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının 12-ci bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, borclu tərəfindən onun üçün yaranmış əlverişsiz halların mövcudluğuna dair sübutların təqdim edilmədiyi nəzərə alınmaqla qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən qəraraaldı: Oğuz rayon Zərrab kənd sakini X1 Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-494/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar