Məhkəmə qərarları › İş №8(054)-54/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-54/2025

23.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-54/2025 23.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, Qax Rayon Məhkəməsinin 2(024)-29/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 2(024)-29/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay ümumilikdə 180 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, elə həmin tarixdə icraata başlamaq haqqında qərar və onun icrasını dərhal nəzərdə tutan bildiriş borcluya göndərilmiş və bildirişi borclunun izahatından göründüyü kimi almasına (xəbəri olmasına) baxmayaraq icra sənədinin icrası borclu tərəfindən bügünki tarixə tam şəkildə təmin edilməmişdir. Borclunun əmlak vəziyyətini və gəlirlərini müəyyən etmək məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular göndərilmiş və tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Aparılmış məcburi icra hərəkətləri nəticəsində borclu axtarış qərarı əsasında Şöbəyə gətirilmiş, icra sənədi üzrə tələbi tam şəkildə icra etmədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə uyğun olaraq protokol tərtib olunaraq baxılması üçün məhkəməyə verilmiş və Oğuz Rayon Məhkəməsinin qərarı ilə 8 gün və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələbinə əsasən 15 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə, Tələbkar Şöbəyə bir neçə dəfə ərizə ilə müraciət edərək icra sənədi üzrə borclunun spirtli içkilərə meyilli olduğu, heç bir ödəniş etmədiyini və övladı ilə maraqlanmadığını əsas gətirərək borclu barəsində bütün məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Beləliklə qeyd olunan icra sənədi üzrə bugünki tarixə borclu tərəfindən heç bir ödəniş edilməmiş və qalıq borc məbləği 5040 (beş min qırx) manat təşkil edir . Hesab edir ki, qeyd olunanlara əsasən icra sənədinin məcburi icrasının təmin olunması ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Oğuz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-29/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Qax Rayon Məhkəməsinin 2(024)-29/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla cavabdeh Borclu xx.xx.2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar verilməlidir. Həmçinin iş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263-264cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Qax Rayon Məhkəməsinin 2(024)-29/2023 saylı xx.xx.2023-cü il icra sənədi üzrə xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar