Məhkəmə qərarları › İş №8(054)-66/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-66/2024

29.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-66/2024 29.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 oğlunun, Borclu Cami qızının iştirakı ilə Oğuz Rayon Məhkəməsinin 2(054)-443/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu Cami qızının mülkiyyətində olan “Daewoo Damas yük” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Oğuz rayon İcra və Probasiya şöbəsinin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatından və ona əlavə edilmiş sənədlərdən görünür ki, şöbədə xx.xx.2015-ci il tarixdə icraatına başlanılan, Oğuz Rayon Məhkəməsinin 2(054)-443/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular X3 və Borclu Cami qızından 5779 ABŞ dolları pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “Nikoyl” X2 (hazırda "xxxx" ASC) xeyrinə ödənilməli olduğundan borclulara tələbin könüllü icrası ilə əlaqədar bildiriş göndərilmiş, 10 gün vaxt verilmiş, lakin icra sənədinin icrası təmin edilməmişdir. Borcluların icra sənədi üzrə hazırki tarixə borcu 3271 ABŞ dolları kredit borcu, 404 ABŞ dolları isə icra ödənişindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” sistemindən çıxarılmış məlumata əsasən Borclu Cami qızının mülkiyyətində “Daewoo Damas yük” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq borclunun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, tələbkar nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Oğuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Abdurahmanov məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, icra tədbirləri digər borcluya münasibətdə də davam etdirilir. Avtomobilin üzərinə həbs qoyulması icra vərəqəsinin icrasını qismən təmin edə bilər. Təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Borclu Cami qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, əsas borclu Eynur bacısı oğludur. Eynur vaxtilə yalan vəd verərək onu aldadıb, zamin kimi kredit müqaviləsinə imza etməyə razı salıb. Kredit borcunu özü ödəməli olsa da indi bundan imtina edir, deyir guya pulu ödəyib. İcra şöbəsi Eynurun borcu ödəməsini tələb etmək əvəzinə oğlu X1 öz pulu ilə aldığı “Daewoo Damas yük” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmasını tələb edir. Ailə vəziyyəti yaxşı deyil, əri xəstədir, oğlu Sərxan isə avtomobil qəzasına düşüb. Sərxan maşını Bakı şəhərində fəhlə işləyərək alıb. Həmin vaxt şəxsiyyət vəsiqəsi olmadığından maşın formal olaraq onun adına qeyd edilib. Təqdimatın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli, 486/2015 saylı qərarın, tələbin könüllü icrası haqqında həmin tarixli bildirişin surətindən görünür ki, borclular X4 və Borclu Cami qızına borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” sistemindən çıxarılmış sənədin surətindən görünür ki, “Daewoo Damas yük” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu Cami qızının adına qeydiyyatdadır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə icra sənədinin uzun müddət icra olunmadığı halda tələbkarın hüquqlarının müdafiəsi baxımından tarazlığın və ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxardığını və Qanunun yuxarıda qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqdimat təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-443/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu Cami qızının mülkiyyətində olan “Daewoo Damas yük” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar