Məhkəmə qərarları › İş №8(054)-78/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-78/2024

29.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-78/2024 29.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi X1, Tələbkar, Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Oğuz rayon İcra və probasiya şöbəsinin 18 noyabr 2024-cü il tarixli təqdimatına Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatı və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatda Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməli olduğundan borcluya tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, rəsmi xəbərdarlıq edilmişdir.Borclu məlumatlı olmasına baxmayaraq borcunu ödəməmişdir. Borcun ödənilməsini təmin etmək məqsədilə müxtəlif orqanlara sorğular göndərilsə də, tələbin yönəldilə biləcəyi, borcluya məxsus əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu tərəfindən indiyədək icra sənədinin icrası təmin edilməmişdir. İcra sənədi üzrə qalıq borc 11520 manat təşkil edir. Tələbkar şöbəyə ərizə ilə müraciət edərək Borclu aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırdığını, İsrail Respublikasında yaşayan bacısının yanına gedəcəyini bildirmiş, onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə tədbirlər görülməli olduğundan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya şöbəsinin rəisi X3 təqdimatın məzmununa uyğun izahat verdi, borclunun ölkədən getmə ehtimalını da nəzərə alaraq məcburi icra tədbiri olaraq təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar borclunun indiyədək aliment ödəmədiyini, bundan qərəzli olaraq boyun qaçırdığını bildirdi və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimatın məzmununu təsdiq etdi, ölkədən getmək fikrinin, hətta xarici pasportunun olmadığını və təqdimatın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, təqdimatla və ona əlavə olunmuş sənədlərlə tanış olub hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci tarixli bildirişin, xx.xx.2021-ci il tarixli, xx.xx.2023-cü il tarixli izahatların, xx.xx.2023-cü il tarixli rəsmi xəbərdarlığın surətindən görünür ki, borcluya borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrinə əsasən qərara aldı: Oğuz rayon İcra və probasiya şöbəsinin 18 noyabr 2024-cü il tarixli təqdimatı təmin edilsin. Borclu, xx.xx.1981-ci ildə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, Oğuz rayon Xalxal kəndində qeydiyyatda olmaqla yaşayan Borclu Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti-yəni icra sənədi üzrə borcunu tam ödəyənədək məhdudlaşdırılsın. Bu barədə icra məmuru tərəfindən Borclu, Tələbkar və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar