Məhkəmə qərarları › İş №8(054)-80/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(054)-80/2024

26.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(054)-80/2024 26.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X7 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, Oğuz rayon Baş Daşağıl kənd sakini X2 Oğuz Rayon Məhkəməsinin 2(054)-400/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Tələbkar ASC cavabdeh X3 qarşı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 10052,11 manat əsas, 1030,42 manat faiz, 196,12 manat cərimə borcunun, cəmi 11278,65 manat borcun və 124 manat dövlət rüsumunun cavabdehdən tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-400/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamə xx.xx.2024-ci il tarixdə iddiaçının elektron kabinetinə yüklənmiş, xx.xx.2024-cü il tarixdə cavabdehin anasına təqdim edilmişdir. Qətnamə qanuni qüvvəsini aldığından icra vərəqəsi icra edilməsi üçün xx.xx.2024-cü il tarixli məktubla Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə mülki işə əlavə edilmişdir. X4 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək sözügedən qətnamə ilə təyin olunmuş borc pulun ayda 100 manat olmaqla hissələrlə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Maraqlı şəxs və Tələbkar ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişlər. X1 göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, onun qeydiyyat ünvanı üzrə Oğuz rayon İHB Baş Daşağıl icra nümayəndəliyinə göndərilmiş sorğuya cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-2/2-59/2024 saylı məktubla borclunun və yaxın qohumlarının ərazidə yaşamadığını bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, borclu X4 ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Oğuz Rayon Məhkəməsinin sözügedən qətnaməsini, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubunun, icraata başlamaq haqqında həmin tarixli qərarının və tələbin könüllü icrası haqqında bildirişin surətini əlavə etsə də, borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti haqqında məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Maraqlı şəxs tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 287576/2024-31 saylı məktubla müəyyən edilmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)- 400/2024 saylı qətnaməsi xx.xx.2024-ci il tarixdə icraya yönəldilməsinə baxmayaraq həmin vaxtdan etibarən borclu tərəfindən tələbkara olan borcdan ödəniş edilməmiş, hal-hazırda borclunun qeyd edilən icra sənədi üzrə tələbkara borcu 11402,65 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələlərin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının 12-ci bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, icra sənədinin 3 aydan artıq müddət üçün icra edilməməsinin tələbkarın qanunla qorunan hüquqlarını pozmuş olacağı, habelə borclu tərəfindən əmlak vəziyyətinin borcun tam və yaxud qismən ödənilməsinə yetərli olub-olmadığına dair sübutların təqdim edilmədiyi nəzərə alınmaqla qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən qəraraaldı: Oğuz rayon Baş Daşağıl kənd sakini X2 Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-400/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar