Məhkəmə qərarları › İş №8(055)-107/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-107/2025

02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-107/2025 02.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Borclu iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-61/2024 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-61/2024 saylı icra sənədinə əsasən cavabdeh Borclu 2 baş inəyin dəyərinin 1/5-i, yəni 480 manat, 21 baş qoyunun dəyərinin 1/5-i, yəni 714 manat, 23 baş toyuğun dəyərinin 1/5-i, yəni 46 manat və 3 baş keçi, olmadıqda dəyəri olan 390 manat pul alınaraq iddiaçı X2 ödənilməli və ödənilmiş 43.30 manat dövlət rüsumunun 36.30 manatı cavabdeh Borclu alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatlar məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-61/2024 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-61/2024 saylı icra sənədinə əsasən Cavabdeh Borclu 2 baş inəyin dəyərinin 1/5-i, yəni 480 manat, 21 baş qoyunun dəyərinin 1/5-i, yəni 714 manat, 23 baş toyuğun dəyərinin 1/5-i, yəni 46 manat və 3 baş keçi, olmadıqda dəyəri olan 390 manat pul alınaraq iddiaçı X2 ödənilməli və ödənilmiş 43.30 manat dövlət rüsumunun 36.30 manatı cavabdeh Borclu alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. Həmin icra sənədi müvafiq olaraq xx.xx.2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun üzərində icra edilməmiş borcu qalmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün lazımi tədbirlər görülməkdədir. Belə ki, icra sənədləri üzrə borc hazırki vaxtadək borclu tərəfindən tələbkarlara ödənilmədiyindən icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədlərinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı Borclu izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-61/2024 saylı icra sənədinə əsasən ondan 2 baş inəyin dəyərinin 1/5-i, yəni 480 manat, 21 baş qoyunun dəyərinin 1/5-i, yəni 714 manat, 23 baş toyuğun dəyərinin 1/5-i, yəni 46 manat və 3 baş keçi, olmadıqda dəyəri olan 390 manat pul alınaraq iddiaçı X2 ödənilməli və ödənilmiş 43.30 manat dövlət rüsumunun 36.30 manatı cavabdeh Borclu alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir.O, borcundan 300 manat ödmişdir. Qalan borcu da qısa vaxtda ödəyəcəkdir. O, mövsümü olaraq işləmək məqsədilə Rusiya Federasiyasına gedir. O, daimi Rusiya Federasiyasına getmir. Orada işləyib pul qazanıb ölkəyə qayıdır. Onun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun qazanc əldə etməsini və hərəkət azadlığını məhdudlaşdıracaqdır. Odur ki, təqdimatın təmin olunmamasını xahiş etdi. Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib və toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Borclunun ölkədən getmək hüququna məhdudiyyətin müəyyən müddət ərzində qoyulması “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz vaxtı baxımından zəruri və yararlı olmalıdır. Məsələyə dair Avropa Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, dövlət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslı olub-olmadığını vaxtaşırı yoxlamadan uzun müddət ərzində tətbiq edə bilməz. Bu nəzarət, ən azından, son instansiyada məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə nəzarətinin hədləri məhkəməyə bütün amilləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyinə dair amili nəzərə almaq imkanı verməlidir (Vlasov və Benyaş Rusiyaya qarşı iş üzrə 20 sentyabr 2016-cı il tarixli Qərar, § 32). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X8 (X11) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun, o cümlədən mütəmadi icra edilməli olan öhdəliklər üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır. Həmin Qərarda qeyd edilir ki, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Həmin Qərarda göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Əks halda, tələbkar və borclunun hüquq və qanuni maraqları əsassız məhdudlaşdırıla, onlar arasında tələb olunan ədalətli balans pozula bilər. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, qanunvericilik borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını, ilk növbədə, məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə kimi nəzərdə tutmuşdur. Bu tədbir məhkəmə qərarlarının icrasına xidmət edən vasitə kimi çıxış etmədiyi halda borclunun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılmasına, eyni zamanda borcluya qarşı cəza vasitəsinə çevrilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu icra vərəqəsi üzrə borcundan 300 manat ödəmişdir. Bundan başqa, o, ölkə hüdudlarını daimi olaraq yox müvəqqəti olaraq qazanc əldə etmək məqsədilə tərk edir. Məhkəmə hesab edir ki, hazırkı halda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra vərəqəsinin icrasına xidmət edən icra tədbiri kimi çıxış etmir, əksinə, ona münasibətdə cəzalandırma vasitəsi və Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş sərbəst hərəkət etmək azadlığının da qeyri-müəyyən şəkildə məhdudlaşdırılması forması kimi çıxış edir. Odur ki, şərh olunanlara əsaəsn məhkəmə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-61/2024 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-61/2024 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 təqdimatı təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar