Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-135/2025 10.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçinin nümayəndəsi X1, Borclu iştirakı ilə Ərizəçi Cəlalzadə (Tağıyeva) Gülnisə Mənəf qızının Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Cəlalzadə (Tağıyeva) Gülnisə Mənəf qızı ərizə ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 nömrəli qətnaməsinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı qətnaməsi ilə 15 sentyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 sentyabr 2023-cü il tarixdən başlayaraq Borclu hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Cəlalzadə (Tağıyeva) Gülnisə Mənəf qızının xeyrinə ödənilməsi qət edilmişdir. 2025-ci ildə indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə hər ay bir uşağa görə tutulmuş 200 manat alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqı məbləğinin 0,58 mislini təşkil etdiyindən (200:345=0,58) bir uşağa görə hər ay tutulmalı olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunmalıdır (400x0,58=232). Ona görə də göstərdiklərinin nəzərə alınaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu ərizəyə etiraz edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı qətnaməsi əsasında 15 sentyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 sentyabr 2023-cü il tarixdən başlayaraq ondan hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq Cəlalzadə (Tağıyeva) Gülnisə Mənəf qızının xeyrinə ödənilir. Hal-hazırda fəhlə kimi aldığı əmək haqqı ona həmin alimenti güclə ödəməyə imkan verir. Odur ki, hazırki maddi imkanı uşağının saxlanması üçün hər ay 200 manat aliment ödəməyə çatır, ondan artıq məbləğdə aliment ödəmək imkanı yoxdur. Ona görə də göstərdiklərinin nəzərə alınaraq ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı qətnaməsindən görünür ki, 15 sentyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 sentyabr 2023-cü il tarixdən başlayaraq Borclu hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Cəlalzadə (Tağıyeva) Gülnisə Mənəf qızının xeyrinə ödənilməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən 2023-cü il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 345 manat olmuşdur və 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)- 41/2024 saylı qətnaməsinə əsasən 15 sentyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 sentyabr 2023-cü il tarixdən başlayaraq Borclu bir uşağa görə hər ay tutulan 200 manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli (200:345=**********49, yuvarlaq olaraq 0,58) həddində indeksasiya olunmalı, indeksasiya edilmiş 232 manat (400x0,58=232) sabit pul məbləğində alimentin tutulması qərardadın qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(055)-41/2024 saylı qətnaməsinə əsasən 15 sentyabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 sentyabr 2023-cü il tarixdən başlayaraq Borclu bir uşağa görə hər ay tutulan 200 (iki yüz) manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli (200:345=**********49, yuvarlaq olaraq 0,58) həddində indeksasiya olunsun. İndeksasiya edilmiş alimentin tutulmasına qərardadın qanuni qüvvəsini aldığı vaxtdan başlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(055)-135/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-135/2025
10.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver