Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-155/2025 17.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, X1 iştirakı ilə, X1 Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(055)-1430/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(055)-1430/2024 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 04 noyabr 2024-cü il tarixdən başlanaraq 21 yanvar 2019-cu il təvəllüdlü Fatimə adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 xeyrinə qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(055)-1430/2024 nömrəli qətnaməsinə əsasən tutulan hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat, sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş edir. Borclu X8 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 2024-cü ildən Azərbaycan Respublikasında ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 345 manat olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(055)-1430/2024 saylı qətnaməsi üzrə bir uşaq üçün müəyyən olunmuş 235 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 (235:345=0.68) misli həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(055)-1430/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş 235 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunsun. İndeksasiya olunmuş alimentin tutulması qərardad qanuni qüvvəsini aldıqdan sonra başlanılsın. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-155/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-155/2025
17.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver