Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-183/2025 12.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, X1, Borclu iştirakı ilə X1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(002)- 1622/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(002)-1622/2024 nömrəli qətnaməsinə əsasən bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 210 manat sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(002)-1622/2024 saylı qətnaməsi ilə 15 oktyabr 2015-ci ildə doğulmuş X6, 09 oktyabr 2016-cı ildə doğulmuş X7 və 30 aprel 2019-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 05 aprel 2024-cü il tarixdən başlayaraq Borclu hər ay hər uşaq üçün 210 manat sabit pul məbləğində, cəmi 630 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Ona görə də üç uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə tutulan 210 manat sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu ərizəni etiraf etməyərək izahatında göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(002)-1622/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına razı deyildir. Belə ki, onun əvvəlki həyat yoldaşı ağır yataq xəstəsi olduğundan X5 ilə ailə həyatı qurmuşdur. Lakin, Təranə Musayeva ondan uşaq dünyaya gətirdikdən sonra onun əvvəlki nikahından doğulan iki uşağına baxmaqdan intina etdiyi üçün aralarında olan narazılığa görə nikahları pozulmuşdur. Təranədən ayrıldıqdan sonra isə yenidən ailə həyatı qurmuş və hal-hazırda həmin ailəsindən onun azyaşlı iki uşaqları da vardır. Odur ki, himayəsində digər ailəsindən olan uşaqları da olduğundan Təranə Musayevanın ondan tələb etdiyi alimenti ödəmək iqtidarında deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(002)-1622/2024 saylı qətnaməsindən görünür ki, 15 oktyabr 2015-ci ildə doğulmuş X6, 09 oktyabr 2016-cı ildə doğulmuş X7 və 30 aprel 2019-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 05 aprel 2024-cü il tarixdən başlayaraq Borclu hər ay hər uşaq üçün 210 manat sabit pul məbləğində, cəmi 630 manat məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən 2023-cü il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 345 manat olmuşdur və 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən indeksasiya həyata keçirilən zaman Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(002)-1622/2024 nömrəli qətnaməsi ilə sabit məbləğdə tutulan 210 manat alimentin miqdarı qətnamənin çıxarıldığı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqı məbləğinin 0,608 mislini (210:345=0,608) təşkil etdiyindən, 2025-ci ildə alimentin məbləği ərizəçinin tələb etdiyi kimi ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqının 0,80 misli həddində deyil, 0,608 misli həddində indeksasiya olunmalıdır. (400x0,608=243,2). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(002)-1622/2024 saylı qətnaməsinə əsasən 15 oktyabr 2015-ci ildə doğulmuş X6, 09 oktyabr 2016-cı ildə doğulmuş X7 və 30 aprel 2019-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay hər uşaq üçün tutulan 210 manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.608 misli (210:345=0.608) həddində indeksasiya olunmalı, indeksasiya edilmiş 243,2 manat (400x0.608=243,2) sabit pul məbləğində alimentin tutulması qərardadın qanuni qüvvəsini aldığı vaxtdan başlanmalı, ərizənin qalan hissəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(002)- 1622/2024 saylı qətnaməsinə əsasən 15 oktyabr 2015-ci ildə doğulmuş X6, 09 oktyabr 2016-cı ildə doğulmuş X7 və 30 aprel 2019-cu ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay hər uşaq üçün tutulan 210 manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.608 misli həddində indeksasiya olunaraq, sonrakı artımlar da nəzərə alınmaqla alınaraq X3 xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. İndeksasiya edilmiş alimentin məbləğinin alınmasına qərardadın qanuni qüvvəsini aldığı vaxtdan başlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(055)-183/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-183/2025
12.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver