Məhkəmə qərarları › İş №8(055)-59/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-59/2025

06.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-59/2025 06.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Borclu iştirakı ilə, X1 Saatlı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(055)-444/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(055)-444/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu 16 aprel 2017-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 15 fevral 2021-ci il tarixdən başlanaraq har ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment, 29 fevral 2020-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 fevral 2021-ci il tarixdən başlanaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(055)-444/2021 nömrəli qətnaməsinə əsasən tutulan hər ay hər bir uşağa 100 (bir yüz) manat sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 05 may 2021ci il tarixli 2(055)-444/2021 saylı qətnaməsi ilə cavabdeh X8 16 aprel 2017-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün 15 fevral 2021-ci il tarixdən başlanaraq har ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment, 29 fevral 2020-ci ildə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 fevral 2021-ci il tarixdən başlanaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 ödənilməsi qət edilmişdir. 2025-ci ildə indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2021-ci il üzrə müəyyən edilmiş 250 manat minimum əmək haqqı məbləğinin təqribən 0,4 mislini təşkil etdiyindən alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunmalıdır. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, Saatlı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(055)-444/2021 nömrəli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 100 manat ümumilikdə 200 manat aliment ödəyir. Hazırda 200 manat alimenti çətinlikə ödəyir. O, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan da övladı vardır. Özüdə 450 manat maaş alır. Alimentin miqdarı artırılsa ödəniş edə bilməyəcəkdir. Ona görə də ərizənin rədd olunmasını xahiş etdi. X2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 2021-ci ildə Azərbaycan Respublikasında ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 250 manat olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Saatlı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(055)-444/2021 saylı qətnaməsi üzrə bir uşaq üçün müəyyən olunmuş 100 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 (100:250=0,4) misli həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(055)-444/2021 saylı qətnaməsinə əsasən bir uşaq üçün tutulan 100 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar