Məhkəmə qərarları › İş №8(055)-61/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-61/2025

14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-61/2025 14.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, X1, Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)-1428/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)-1428/2024 saylı qətnaməsinə əsasən cavabdeh X6 9710.34 manat əsas borc, 724.36 manat faiz borcu, cəmi 10434.70 (on min dörd yüz otuz dörd) manat 70 (yetmiş) qəpik borc və 121 (bir yüz iyirmi) manat 70 (yetmiş) qəpik dövlət rüsumu alınıb iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)-1428/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)-1428/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borcludur. Hazırda işləmir, ailəlidir, iki azyaşlı uşaqları var, həyat yoldaşı işləmir. İİ qrup kimi aldığı pensiya ilə ailəsinin maddi ehtiyacını ödəyir və özünün xəstəliyi ilə bağlı dərmanlar alır. Adına hər hansı daşınar və daşınmaz əmlaklar yoxdur. Odur ki, madd imkanının yaxşı olmaması səbəbindən icra sənədini bir dəfəyə icra etmək imkanı yoxdur. Lakin buna baxmayaraq Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)-1428/2024 saylı qətnaməsinin icrasından boyun qaçırmır. Belə ki, hal-hazırda aldığı 542,78 manat pensiyasının 50%-i icra məmurunun qərarı əsasında Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulur. Bu isə onun və ailəsinin maddi ehtiyacını ödəməkdə ona çətinlik yaradır. Hesab edir ki, pensiyasından tələbkara hər ay 120 manat məbləğində pul və yaxud da pensiyasının ən çoxu 20%-ni ödəyə bilər. Ona görə də göstərdiklərinin nəzərə alınıb Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)-1428/2024 saylı qətnaməsinə əsasən qət edilmiş cəmi 10556,4 manatın hissə-hissə icra edilməklə hər ay ondan 120 manat və ya pensiyasının ən çoxu 20%-nin tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)-1428/2024 saylı qətnaməsinə əsasən cavabdeh X6 cəmi 10556,4 manat alınaraq iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunan qətnamə əsasında çıxarılan icra sənədi üzrə 28 yanvar 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, daha sonra məcburi icra tədbirləri zamanı X1 542,78 manat pensiya alması müəyyən edilmişdir. Bundan sonra icra sənədi üzrə 10556,4 manat məbləğində pulun icrasını təmin etmək məqsədi ilə vermiş olduğu 10 fevral 2025-ci il tarixli inkasso sərəncamı əsasında borclunun aldığı 542,78 manat pensiyanın 50%-i, yəni 271,39 manat tutularaq tələbkarın hesabına köçürülmüşdür. Bundan sonra da hər ay borclunun pensiyasının 50%-i tutularaq tələbkara ödənilcəkdir. Ərizənin təmin edilib-edilməməsi məsələsinin həllini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasını tələbkarın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)- 1428/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh X6 9710.34 manat əsas borc, 724.36 manat faiz borcu, cəmi 10434.70 (on min dörd yüz otuz dörd) manat 70 (yetmiş) qəpik borc və 121 (bir yüz iyirmi) manat 70 (yetmiş) qəpik dövlət rüsumu alınıb iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan icra sənədinin və icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)- 1428/2024 saylı qətnaməsi əsasında verilmiş 27 yanvar 2025-ci il tarixli icra sənədi 28 yanvar 2025-ci il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 10 fevral 2025-ci il tarixli inkasso sərəncamından görünür ki, X6 271,39 manat tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülmüşdür. İşdə olan 05 sentyabr 2011-ci il tarixli, 118322 nömrəli vəsiqənin surətindən görünür ki, X9 uşaqlıqdan serebral iflic xəstəsi olmaqla İİ qrup əlildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının tərkib hissəsi» sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-231.2-ci maddələrinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.4-cü maddəsinə görə qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 nömrəli qərarının 14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra sənədi üzrə icraata başlanılmasından az bir müddət keçmiş və borclu tərəfindən icra sənədinin icrasından yayınmaq hallarının olması mövcud deyildir. X3 uşaqlıqdan serebral iflic xəstəsi olmaqla İİ qrup əlildir. Borclunun hazırda aldığı 542,78 manat pensiyasının 50%-i icra məmurunun qərarı əsasında Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulur. Borclu isə pensiyasından tələbkara hər ay 120 manat məbləğində pul və ya pensiyasının ən çoxu 20%-ni tutulmasını tələb edir. Məhkəmə borclunun tələbi ilə bağlı qeyd edir ki, ərizə təmin edildiyi təqdirdə icra sənədi üzrə olan 10556,4 manat borcun tələbkara ödənilməsi üçün təxminən yeddi ildən artıq müddət keçməlidir. Buradan da görünür ki, bu müddət tələbkarın mənafiyinə uyğun deyildir. Ona görə də, məhkəmə həm tələbkarın mənafeyini, həm də X1 uşaqlıqdan serebral iflic xəstəsi olmaqla İİ qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, borclunun aldığı pensiyadan hər ay ən çoxu 40 faizədək tutulması ağlabatandır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, cavabdeh X6 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş cəmi 10556,4 manat X7 aldığı pensiyadan hər ay ən çoxu 40 faizədək tutulmaqla Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)-1428/2024 saylı qətnaməsi hissə-hissə icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Ərizə qismən təmin edilsin. Cavabdeh X6 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş cəmi 10556 (on min beş yüz əlli altı) manat 40 (qırx) qəpik X7 aldığı pensiyadan hər ay ən çoxu 40 faizədək tutulmaqla Saatlı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(055)-1428/2024 saylı qətnaməsi hissə-hissə icra edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar