Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-91/2025 16.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, X1 iştirakı ilə X1 Saatlı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(055)-33/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(055)-33/2023 nömrəli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə tutulan 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(055)-33/2023 saylı qətnaməsi ilə 02 iyun 2011-ci ildə doğulmuş X5 və 29 avqust 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 13 oktyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Ona görə də 2025-ci ildə indeksasiya həyata keçirilən zaman qüvvədə olan Saatlı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(055)-33/2023 saylı qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə tutulan 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(055)-33/2023 saylı qətnaməsindən və 10 mart 2023-cü il tarixli 2(055)- 33/2023 saylı qətnamədəki yanlışlıqların düzəldilməsi barədə qəradadından görünür ki, 02 iyun 2011-ci ildə doğulmuş X5 və 29 avqust 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 13 oktyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən 2023-cü il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 345 manat olmuşdur və 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən indeksasiya həyata keçirilən zaman qüvvədə olan Saatlı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(055)-33/2023 nömrəli qətnaməsi ilə hər bir uşağa görə tutulan 140 manat alimentin miqdarı qətnamənin çıxarıldığı 2023-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqı məbləğinin 0,4 mislini (140:345=0,4) təşkil etdiyindən, 2025-ci ildə alimentin məbləği ərizəçinin tələb etdiyi kimi ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqının 0,60 misli həddində deyil, 0,4 misli həddində indeksasiya olunmalıdır. (400x0,4=160). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(055)-33/2023 saylı qətnaməsinə əsasən 02 iyun 2011-ci ildə doğulmuş X5 və 29 avqust 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh bir uşağa görə hər ay tutulan 140 manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla hər bir uşaq üçün ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunmalı, ərizənin qalan hissəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 2(055)-33/2023 saylı qətnaməsinə əsasən 02 iyun 2011-ci ildə doğulmuş X5 və 29 avqust 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh bir uşağa görə hər ay tutulan 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla hər bir uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-91/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-91/2025
16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver