Məhkəmə qərarları › İş №8(056)-16/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-16/2025

27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-16/2025 27.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Ərizəçi (Borclu) X1, İcra sənədi üzrə tələbkarlar X2 və X4 iştirakları ilə, Ərizəçi (Borclu) X1 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinə Sabirabad rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Borclu) X5 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin icraatında olan 2(056)-453/2025 saylı mülki işə baxılanadək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1208/2023 saylı qətnaməsinin iş üzrə icraatının müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir. Ərizəçi (Borclu) X5 ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1208/2023 saylı qətnaməsi ilə Sabirabad rayonu Narlıq kəndi ərazisində X3 mülkiyyətində olan 2,84 hektar torpaq sahəsi ilə qonşu X1 torpaq sahəsi arasındakı sərhədboyu hissədə əkilən ağacların X1 hesabına çıxarılması qət edilmişdir. Mülki iş üzrə icra sənədi icra olunması üçün Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Lakin o. əldə etdiyi sənədlərə dair yenidən cavabdeh X6 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair Sabirabad Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin mülki iş xx.xx.2025-ci il tarixdə 2(056)-453/2025 sayla icraata qəbul edilmişdir. Hazırki işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 10:20-ə təyin edilmişdir. O, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.3-cü maddəsinə əsasən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi (Borclu) X5 ərizəsində göstərilənləri təkrar edərək və əlavə olaraq bildirmişdir ki, onun əlində xx.xx.2022-ci ildə verilmiş mütəxəssis rəyi vardır ki, həmin rəydən də görünür ki, ağacların olduğu ərazi onun torpaq sahəsinin hüdudları daxilindədir. Bundan əvvəl işə baxmış məhkəmələr həmin rəyə baxmamış və həmin rəyi nəzərə almamışlar. Hazırda o, ərizəsində qeyd etdiyi kimi iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də o, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək icraatında dayandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkarlar X8 və X9 ərizəyə etiraz edərək bildirdilər ki, ərizə əsassızdır və heç bir hüquqi əsası yoxdur. Borclu ağacların çıxarılmasını yubatmaq üçün hər cür vasitələrdən istifadə edir. Bir neçə dəfə onlar xərc çəkib əraziyə traktor aparmış, lakin borclunun süni maneəsi nəticəsində icra sənədinin icrası həyata keçirilməmişdir. Hazırda da borclunun niyyəti məlumdur. Ona görə də onlar ərizənin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Ərizəyə əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)- 453/2025 saylı qərardadından görünür ki, iddiaçı X1 cavabdeh X7 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Məhkəmə izahatları dinləyib, ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsinə əsaslanmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsinə əsasən, icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək dayandırılır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır. Göründüyü kimi, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi icraatın dayandırılma müddətlərini müəyyən etmiş, bu zaman həmin müdətlərin tətbiqi üçün bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş halların mövcud olmasını şərtləndirmişdir. Həmin Qanunun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qeyd edilən normanın tələblərindən göründüyü kimi, ərizəçinin istinad etdiyi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsi üzrə təyin edilməli olan müddət, icra sənədi üzrə icraatın dayandırılmasının məcburiliyini özündə ehtiva edən Həmin Qanunun 17.1.4-cü maddəsi üzrə əsasların mövcudluğu halında təyin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Ərizəçinin ərizəsinin məzmunundan və istinad etdiyi normadan da aydın olur ki, ərizəçi icra sənədi üzrə icraatın dayandırılmasının məcburliyi əsası ilə məhkəməyə müraciət etmişdir ki, yuxarıda qeyd edilən qanunvericilik normaları (“İcra haqqında” Qanunun 21.1 və 21.2-ci maddələri) icra sənədi üzrə icraatın dayandırılmasının məcburiliyi halının mövcudluğunda bu hərəkətin həyata keçirilməsini icra məmurunun vəzifəsi olaraq müəyyən etmişdir. Bununla yanaşı o da qeyd edilməlidir ki, icra sənədi üzrə icraatın dayandırılmasının mümkün olduğu hallarla bağlı da qanunvericilik iş üzrə tərəflərdən hər hansı birinin ərizə ilə məhkəməyə müraciət etməsi qaydasında həll edilməli olduğu qaydasını deyil, icra məmurunun məhkəməyə təqdimatla müraciət etməklə baxılmalı olduğu formasında müəyyən etmişdir. Göründüyü kimi, Qanunvericilik icra sənədi üzrə icraatın dayandırılmasının 2 növü (məcburi formada və mümkün hesab edilən halında) üzrə məsələnin həlli qaydasını konkret olaraq müəyyən etmişdir ki, hər iki halın heç birində iş üzrə tərəflərdən hər hansının ərizə ilə məhkəməyə müraciət etmək imkanını müəyyən etməmişdir. Göstərilənlərə əsasən, “İcra haqqında” Qanunun 21-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada əldə edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar