Məhkəmə qərarları › İş №8(056)-188/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-188/2024

25.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-188/2024 25.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İcra sənədi üzrə tələbkar “Tələbkar” ASC-nin Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 8İ-12584 saylı icra qeydi üzrə icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-12584 saylı icra qeydinə əsasən Borclu1 və Borclu2 cəmiyyətin xeyrinə ümumilikdə 12422,24 manat məbləğində pul vəsaitinin tutulması qeyd edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru Xəqani Əzimov borcluların ünvanına baxış keçirdiyini, lakin həmin ünvanda zəruri ev əşyalarından və avadanlıqlardan başqa borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilmədiyini, bu barədə müvafiq aktın tərtib edildiyini, həmçinin “Elektron icra” informasiya sistemi vasitəsi ilə aparılmış icra hərəkətləri nəticəsində borcluların tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərinin aşkar edilmədiyini əsas gətirərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Lakin həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, icra məmuru tərəfindən borcluların yaşadığı ünvana baxış keçirilərkən tələbkar tərəf olaraq Bankın nümayəndəsinin iştirakı təmin edilməmiş və müvafiq akt tələbkarın iştirakı olmadan tərtib edilmişdir. Həmçinin “Elektron icra” informasiya sistemində göstərilən “məlumat yoxdur” ifadəsi, həmin halın olub-olmamasını sübuta yetirmir. Bununla yanaşı əldə etdikləri mövcud məlumata əsasən borcluların hazırda iş yeri mövcuddur. Lakin icra məmuru İcra haqqında Qanunun tələbinə əsasən ciddi şəkildə araşdırma aparmadan sadəcə sistemdə qeyd edilən halı əsas gətirərək belə qənaətə gəlmişdir ki, guya borcluların mülkiyyətində heç bir əmlak olmamaqla yanaşı, həmçinin çalışdığı müəssisə belə mövcud deyildir. Bu hal onu göstərir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin tələblərinə uyğun heç bir tədbir görməmiş,mötəbər faktlar və sübutlar göstərmədən ümumi məlumatlar üzrə əsassız qərar çıxarmışdır. Bundan başqa, icra məmuru elektron icra sistemindən çıxarışa əsaslanaraq borclunun əmlak vəziyyətinin araşdırıldığı qənaətinə gəlsə də, nəzərə almamışdır ki, borclunun rəsmi reyestr qeydiyyatı tələb edilməyən əmlakları da ola bilər. Göründüyü kimi, icra məmuru icra sənədini geri qaytararkən iş üzrə tam araşdırma aparmadan, müvafiq sorğular vermədən icra sənədinin icra edilmədən geri qaytarılması barədə qərar qəbul etmişdir. Bu hal öz-özlüyündə bankın hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 8İ-12584 saylı icra qeydi üzrə icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, iş materiallarında olan İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimovun xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “Elektron İcra Xidməti” portalının borclu barədə sorğu məlumatlarından borclulara məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı, gəlir və pul vəsaiti aşakar edilməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən görülmüş icra tədbirləri nəticə verməmiş və icra sənədində göstərilmiş borc məbləğinin tutularaq tələbkar təşkilata köçürülməsi mümkün olmamışdır. Bu səbəbdən də, icra sənədi “İcra Haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisinə qaytarılmışdır. Elektron Məhkəmə Sisteminə keçirilmiş baxışın nəticəsi olaraq müəyyən olunur ki, borclulardan Borclu1 rəsmi iş yerinə və aylıq əmək haqqına malikdir. Buradan da aydın olur ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəqani Əzimov qeyd olunan iş üzrə ətraflı araşdırma aparmamış, borcluların əmlak və gəlir vəziyyəti tam yoxlamamış, borclulara məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı, gəlir və pul vəsaiti aşakar edilməməsi barədə hər hansı bir sübutu icra işi materiallarına əlavə etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.1.1-ci maddə tələbkarın ərizəsi əsasında; 23.1.2-ci maddə borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3-ci maddə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4-ci maddə tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5-ci maddə tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və Borclu1 və Borclu2 cəmiyyətin xeyrinə ümumilikdə 12422,24 manat məbləğində pul vəsaitinin tutulmasına dair Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ- 12584 saylı icra qeydi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 257-258 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 8İ-12584 saylı icra qeydinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-12584 saylı icra qeydi yenidən icraya yönəldilsin. Qərardadın icrası icraya yenidən icraya yönəldilməsi hissəsində Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisinə və qalan hissədə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün ərzində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar