Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-270/2025 02.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Şikayətçi Əliyeva (Süleymanlı) Gülər Tahir qızının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Maraqlı şəxs “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından xx.xx.2025-ci il tarixli 2(106)-155/2024-16 saylı icra sənədi üzrə tələbkar Əliyeva (Süleymanlı) Gülər Tahir qızı tərəfindən verilmiş şikayətə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-155/2024-16 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsaslanmaqla Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Maraqlı şəxs “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli Qərarından tələbkar Əliyeva (Süleymanlı) Gülər Tahir qızışikayət verərək qərarın ləğv olunmasını və icra sənədinin yenidən Maraqlı şəxsnə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-155/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, onunla iddiaçı X7 arasında Sabirabad rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2016-cı il tarixli, 52 saylı nikah qeydi pozulmuş, birgə nikahdan xx.xx.2016-cı ildə doğulmuş X8 və xx.xx.2019-cu ildə doğulmuş X6 adlı iki nəfər uşaqların onun yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, şikayəti təmin edilməmişdir. Bundan sonra birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2025-ci il tarixində icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs icra məmuru X5 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, e32968/2025- 19-11 saylı qərarla icra sənədi məhkəməyə geri qaytarılmışdır. İcra sənədinin formal və səthi qaydada icra olunmaması səbəbindən hesab edir ki, icra sənədi üzrə qəbul edilmiş qərar ləğv edilməli, icra sənədi təzələnməklə yenidən icra olunması üçün İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən şikayətçi Əliyeva (Süleymanlı) Gülər Tahir qızının etibarnamə üzrə nümayəndəsi X2 ərizəyə uğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, mənafeyini müdafiə etdiyi tələbkar onun qızıdır. İcra sənədi borclunun mənafeyinə uyğun geri qaytarılmışdır. İcra məmuru 1-2 dəfə icra sənədinin icra edilməsi ilə bağlı iclas təyin etmiş, daha sonra Sabirabad rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəındəsi Nazim müəllimin iştirakı ilə akt tərtib edib icra sənədini icra etmədən məhkəməyə geri qaytarmışdır. Nazim müəllimin icra prosesində davranışından da hiss olunurdu ki, o, tərəf tutmaqla məsələyə yanaşır. Əslində azyaşlı Eldar anasının yanına getməyə meyilli idi. Hər dəfə uşaq öyrədilməklə icra sənədinin icrasına mane olunmuşdur. O, istəyir ki, ya İcra şöbəsinin dəvəti ilə, ya da özlərinin təşəbbüsü ilə icra prosesinə müstəqil və tərəfsiz psixoloq dəvət edilsin, ətraflı araşdırma aparılsın. Odur ki, o, şikayətin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş Maraqlı şəxs böyük icra məmuru X5 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsini dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli və Maraqlı şəxs icra məmuru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və icra sənədi icra tədbirlərinin təmin edilməsi məqsədilə Maraqlı şəxsnə qaytarılmalıdır. Belə ki, şifahi sorğu əsasında əldə edilmiş e32968/2025-19-9 saylı icra işi tədqiq edilərkən müəyyən edilmişdir ki, icra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra ilk icra prosesi xx.xx.2025-ci ildə keçirilmiş həmin tarixdə icra sənədi icra edilməmiş, müvafiq akt tərtib edilmiş, aktda uşağın anası ilə İcra şöbəsində ünsiyyətdə olduğu, onunla anası Gülər Əliyeva ilə getməsi barədə profilaktik söhbət aparıldığı, uşağın anası ilə ünsiyyətdə olmaq istədiyi, lakin anası ilə getmək istəmədiyi öz əksini tapmış, növbəti icra prosesi xx.xx.2025-ci il tarixində keçirilmiş, həmin tarixdə də müvafiq akt tərtib edilmiş, aktda uşaqla tərəflərin iştirakı olmadan profilaktik söhbət aparıldığı, uşaq anası ilə ünsiyyətdə olsa da, onunla getməkdən qəti imtina etməsi, psixoloq Nazim Süleymanovun uşağın bir daha dindirilməsi üçün ona 10 gün vaxt verilməsi, bu səbəbdən icranın təxirə salınması əksini tapmış, xx.xx.2025-ci il tarixinə təyin edilmiş icra prosesi nəticəsində də akt tərtib edilmiş, həmin aktda da uşağın anası ilə ünsiyyətdə olsa da, anası ilə getməkdən qəti imtina etdiyi əksini tapmışdır. Daha sonra Sabirabad rayon İHB-nin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komsiyanın məsləhətçi psixoloqu Nazim Sultanov xx.xx.2025-ci il tarixdə rəy tərtib edərək rəydə uşağın hazırki və gələcək psixoloji vəziyyətini nəzərə alaraq tərəflərindən onun anası X3 məcburi qaydada verilməsinin məqsədə müvafiq hesab edilmədiyi göstərilmiş, bundan sonra xx.xx.2025-ci il tarixində icra sənədinin qaytarılması barədə qərar qəbul edilmiş, qərarda uşağın anası ilə getməkdən qəti imtina etməsi səbəbindən icra sənədinin icrasını təmin etməyin qeyrimümkün olması əks etdirilmişdir. Göründüyü kimi, icra məmuru Sabirabad rayon İHB-nin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komsiyanın məsləhətçi psixoloqu Nazim Sultanovun xx.xx.2025-ci il tarixli rəyini əldə etdikdən sonra hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Lakin yuxarıda qeyd edilən icra işində olan aktlardan da görünür ki, azyaşlı Eldar anası ilə sərbəst ünsiyyətə girir və onunla ünsiyyətdə olmağa qarşı deyildir. N.Sultanov tərtib etdiyi rəydə uşağın hazırki və gələcək psixoloji vəziyyətinin nəzərə alındığına istinad etsə də, psixoloq olaraq uşağın hazırki psixoloji vəziyyəti barədə hər hansı fikrini rəydə ifadə etməmiş, həmçinin gələcək psixoloji vəziyyətində baş verə biləcək hallar barədə də hər hansı məlumatı əks etdirməmişdir. İcra məmuru isə natamam rəyə əsaslanmaqla müvafiq qərar qəbul etmişdir. Bundan başqa, icra işi tədqiq edilərkən qəbul edilmiş və hazırda mübahisələndirilən qərarın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməsi halı icra işi ilə müəyyən edilməmiş, qəbul edilmiş qərarda isə tərəflərin qərardan şikayət vermə hüququ üzrə qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət məhdudlaşdırılaraq 10 gün müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Habelə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə hesab edir ki, Maraqlı şəxs icra məmuru xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərar qəbul edərkən öz səlahiyyətləri hüdudunda lazımı tədbirləri görməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, Maraqlı şəxs icra məmuru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-155/2024-16 saylı icra sənədi icra edilməsi üçün yenidən Maraqlı şəxsnə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmuru X5 tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarı ləğv olunsun. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-155/2024-16 saylı icra sənədi icra edilməsi üçün yenidən Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-270/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-270/2025
02.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver