Məhkəmə qərarları › İş №8(056)-291/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-291/2025

19.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-291/2025 19.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar “Ödənilməli pul məbləğinin indeksasiya edilməsinə” tələbinə dair ərizəsinə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1698/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 2369,16 manat məbləğ indeksləşdirilərək 2016-cı il tarixdən - 2025-ci ilin aprel ayınadək 177 faiz artımı (2369,16 manat x 177 % = 4193 manat) nəzərə alaraq, cəmi 6562.57 manat məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1698/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1, Borclu3 və X1 cəmi 2369,16 manat məbləğində pul tutularaq ona ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydi tələbkar başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan 2369,16 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Ərizəçi Tələbkar elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 232.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 2(056)-1698/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, borclular Borclu1, Borclu3 və X1 cəmi 2369,16 manat pulun tutularaq Tələbkar xeyrinə verilməsi qərara alınmışdır. MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. MPM-in 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tə’əb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MPM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. MPM-in 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Qərarına əsasən; Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. Digər tərəfdən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ hüquqazidd əməlin, bir qayda olaraq, təqsirli törədilməsi nəticəsində yarandığı halda indeksasiyanın aparılması üçün borclunun pul məbləğinin ödənilməsinə dair qətnamənin vaxtında icra edilməməsində və ya qətnamə ilə tutulan pul məbləğinin vaxtında ödənilməməsində təqsirinin olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Borclu icra sənədini hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin icra sənədi üzrə ödənilməli olan pul məbləğinin indeksasiyanın həyata keçirilməsini istisna etmir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protkollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə həmçinin hazırki ərizənin baxılması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hornşbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmsışdır ki, «Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhəkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci i) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Moroko Rusiyaya qarşı işində (xx.xx.2008) Tələbkar və borclu arasında yaranan müvafiq hallarda (məhkəmə qərarına əsasən tutulmalı olan müvafiq pul vəsaitinin vaxtında icra edilməməsi hallarında) inflyasiyanın təsirini kompensasiya etmək üçün indeksasiya institutundan istifadə edilir. Belə ki, bu institutun məqsədi ondan ibarətdir ki, vaxtında icra edilməyən pul öhdəliyinin tələbkar üçün yaradılmış mənfi nəticələri aradan qaldırılsın və beləliklə də ədalətli məhkəmə araşdırılması hüququ qorunmuş olsun. İnflyasiya itkilərini effektiv tədbir olan indeksasiyanın köməyi ilə aradan qaldırmaqla bağlı yanaşma Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də tanınır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Həmin Qanunun 4-cü maddəsi “Pul gəlirlərinin indeksləşdirilməsi” qaydasını müəyyənləşdirmişdir. Həmin normaya əsasən, əmək haqqı və təqaüdlər şəklində vətəndaşların pul gəlirləri aşağıdakı qaydada indeksləşdirilməlidir: aylıq minimum əmək haqqının hüdudlarında—istehlak qiymətləri indeksinin 100 faizi həcmində. aylıq minimum əmək haqqının 1 mislindən 2 mislinədək—istehlak qiymətləri indeksinin 80 faizi həcmində. aylıq minimum əmək haqqının 2 mislindən 3 mislinədək—istehlak qiymətləri indeksinin 60 faizi həcmində. aylıq minimum əmək haqqının 3 mislindən 4 mislinədək—istehlak qiymətləri indeksinin 40 faizi həcmində. Pul gəlirlərinin aylıq minimum əmək haqqının 4 mislindən çox olan hissəsi indeksləşdirilmir. “Azərbaycan Respublikasında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”da hesablamanın nəticəsindən görünür ki, 2025-ci ildə aprel ayında 2016-cı ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 175.7 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 75.7 faiz artmışdır. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqelərdən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarlarının hüquqa zidd şəkildə icra edilməməsi (gecikdirilməsi) ağlabatan müddətlərdə ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi nəzərdən keçirilməlidir. Belə ki, mübahisəni uduzmuş tərəfin məhkəmə qərarını vaxtında icra etməməməsi nəticəsində mübahisəni udmuş tərəfin onun üçün yaranmış əlverişli olmayan nəticələrin aradan qaldırılmasına yönəlmiş hüquqi mexanizmlərin mövcud olmaması, sözügedən hüququn tam şəkildə həyata keçirilməsinin qarşısını alır. Belə hallarda məhkəmə qərarı ilə xeyrinə pul tutulmalı olan tərəf üçün meydana gələn neqativ nəticələrdən biri də, sözügedən tutulmalı pul vəsaitlərinin inflyasiya proseslərinin nəticəsində dəyərsizləşməsi çıxış edir. İndeksasiya üçün əsas qismində məhkəmə qərarının faktiki olaraq icra edildiyi günə ödənilmiş vəsaitlərin dəyərsizləşməsi çıxış edir. İndeksasiya zamanı məhkəmə mahiyyəti üzrə hər-hansısa yeni bir akt qəbul etmir, mübahisə tərəfləri arasında hər-hansısa yeni bir hüquq və vəzifələr müəyyən etmir. Ona görə də indeksasiyanın tətbiqi haqqında ərizənin verilməsini tərəflər arasında olan yeni bir iş kimi nəzərdən keçirmək olmaz. Bundan fərqli olaraq isə pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti tətbiq edərkən məhkəmə işə iddia icraatında mahiyyəti üzrə baxır, tərəflərin hüquq və vəzifələrini təyin edərək məsuliyyət üçün əsasları müəyyən edir. Nəticədə, belə qənaətə gəlmək olar ki, prosessual (publik) institut olan indeksasiya maddi (xüsusi) institutlardan fərqləndiyinə görə onlar bir-birinə zidd deyillər və onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada bir-birindən asılı olmadan tətbiq edilməsi istisna edilmir. Bu hallar borclunun hüququnu pozan vəziyyət olaraq qələmə verilə bilməz. AR MPM-in 232.1-ci maddəsində indeksasiyanın mümkün tətbiqi hallarını məhdudlaşdıran hər-hansısa qayda nəzərdə tutulmamışdır. Həmçinin bu normada indeksasiyanı tətbiq etmək üçün hər-hansısa konkret üsullara, vasitələrə və onların tətbiqi qaydalarına istinadlar da yer almamışdır. Bu o deməkdir ki, məhkəmələr baxılan konkret işin faktiki hallarından irəli gələrək indeksasiyanın tətbiq edilib-edilməməsi məsələsinə baxmalıdırlar. Əks yanaşma, yəni məhkəmələrin vətəndaşların müvafiq hüquqlarını bloklaşdırması, bununla da indeksasiyanı tətbiq etməkdən imtina etməsi şəxslərin konstitusion hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin qeyd edilməlidir ki, borc məbləğinin indeksasiyası zamanı borclunun konstitusion hüquqlarının pozulmasına yolverilməməli və əmlak mənafeyinin qorunması ön planda saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki ərizə ilə Tələbkar 2369,16 manat məbləğin indeksləşdirilərək 2016-cı il tarixdən - 2025-ci ilin aprel ayınadək 177 faiz artımı (2369,16 manat x 177 % = 4193 manat) nəzərə alaraq, cəmi 6562.57 manat məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edərkən, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləği həmin məbləğin indeksasiya edilməsi ilə alınan indeksasiya olunmuş məbləğlə toplayaraq, borcludan eyni məbləği, yəni qətnamə ilə müəyyən olunmuş pulu artıq tələb etmiş olur. Bu hal isə özlüyündə borclunun əlavə əmlak məsuliyyətinin artmasına səbəb olacaq və ədalətli olmayan şəkildə tələbkarın borc məbləğinə münasibətdə əsassız varlanmasına gətirib çıxaracaqdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki. borc məbləğinin indeksasiyası istehlak qiymətlərinin səviyyəsinin artımına mütənasib olmalı olduğundan “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi pul gəlirlərinin indeksləşdirməsini qaydasını müəyyən etdiyindən və həmin normanın tələbinə əsasən, pul gəlirlərinin aylıq minimum əmək haqqının 4 mislindən çox olan hissəsi indeksləşdirilməməli olduğundan, həmçinin bu il üzrə minimum əmək haqqı 400 manat, 4 misli isə 1600 manat təşkil etdiyindən, aylıq minimum əmək haqqının 3 mislindən 4 mislinədək pul gəlirləri istehlak qiymətləri indeksinin 40 faizi həcmində indeksləşdirilməli olduğundan, ərizə qismən təmin edilməklə, borc məbləği İstehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator üzrə hesablamanın nəticəsinə uyğun deyil, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin tələblərinə uyğun indeksləşdirilməlidir. , 2369,16 manatın 1600 manat hissəsinin 40 faizə nisbəti (1600 manat x 40% = 640 manat+) indeksasiya olunan məbləğ olaraq hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1698/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən tutulmalı olan 2369,16 manatın 1600 manat hissəsi üzrə indeksasiya həyata keçirilməli və borclular Borclu1, Borclu3 və X1 2240 (1600 manat x 40%=640 manat+1600 manat=2240 manat) manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməli, 2369,16 manatın 1600 manatdan artıq hissəsi ümumi qaydada icra edilməlidir. Göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası MPM-nın 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1698/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən tutulmalı olan 2369,16 manatın 1600 manat hissəsi indeksasiya edilərək 2240 (1600 manat x 40%=640 manat+1600 manat=2240 manat) manat müəyyən edilsin və həmin məbləğ borclular Borclu1, Borclu3 və X1 Tələbkar xeyrinə tutulsun, 2369,16 manatın 1600 manatdan artıq hissəsi ümumi qaydada icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardadın icrası Maraqlı şəxs1nə, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə və Maraqlı şəxs2nə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Salyan Rayon Məkkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar