Məhkəmə qərarları › İş №8(056)-312/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-312/2025

17.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-312/2025 17.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, Tələbkar ödənilməli pul məbləğinin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Sabirabad Rayon Məhkəməsinin 2(056)-961/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən, Borclu cəmi 853 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi əmr edilmişdir.

2. İş materiallarında olan Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 961/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə qərarı icra olunması üçün hal hazıra kimi Maraqlı şəxs icraatına daxil olmamışdır.

Ərizə tələbi, icraat iştirakçılarının izahatları

3. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-961/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclu tərəfindən tələbkara ödənilməyən əsas 853 manat məbləğ indeksləşdirilərək 2016-cı il tarixdən-2025-ci ilin aprel ayınadək 175,7 faiz artımı (853 AZN x 175,7 %=1498,72 AZN) nəzərə alaraq cəmi 2351,72 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

4. Ərizənin əsaslarına görə, Sabirabad Rayon Məhkəməsinin 2(056)-961 /2016 saylı, 11,03.2016-cı il tarixli məhkəmə qərarına əsasən, Borclu cəmi 853 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 853 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15.2. məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tə’əb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 232.1. tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 aprel 2025-ci il tarixli Qərarı: ... Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan "əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. ... Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı: ... Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər.” ... Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. ... "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin minimum istehlak büdcəsini hesablamaq üçün qəbul edilmiş istehlak malları və xidmətlər səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir.

Məhkəmənin mövqeyi

10. İşin faktiki hallarından müəyyən olunur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-961/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən, Borclu cəmi 853 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi əmr edilmişdir.

11. Hazırda Tələbkar ödənilməyən əsas 853 manat məbləğ indeksləşdirilərək 2016cı il tarixdən-2025-ci ilin aprel ayınadək 175,7 faiz artımı (853 AZN x 175,7 %=1498,72 AZN) nəzərə alaraq cəmi 2351,72 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir.

12. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.

13. Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.

14. Belə ki, məhkəmə qərarlarının hüquqa zidd şəkildə icra edilməməsi (gecikdirilməsi) ağlabatan müddətlərdə ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi nəzərdən keçirilməlidir. Lakin icra mərhələsində icra sənədinin icra orqanının icraatına daxil olub-olmaması ilə bağlı icra işinin davam etdirilib-etdirilməməsi məhz tələbkarın iradə ifadəsi ilə bağlıdır.

15. Hazırki icra işi üzrə də görünür ki, Sabirabad Rayon Məhkəməsinin İcra və Probasiya Şöbəsinin icraatına icra sənədi daxil olmamışdır. Həmçinin hazırki icra iş üzrə tələbkar tərəfindən icra sənədinin yenidən icra olunması üçün icra orqanına və icra sənədini vermiş məhkəməyə hər hansı müraciəti müəyyən olunmur.

16. Hüquqi nəzəriyyə baxımından bildirilməsi zəruridir ki, Dispozitiv imkan – hüquq subyektinə hüquqi münasibətlərdə öz maraqlarını reallaşdırmaq üçün tanınan sərbəst davranış azadlığıdır. Bu, normativ məcburiyyət deyil (imperativ qayda kimi), əksinə, hüquq subyektinə: 1. hansı hüququ həyata keçirib-keçirməməyi, 2. hansı anda və hansı formada istifadə etməyi, ondan tam və ya qismən imtina etməyi öz iradəsi ilə seçmək səlahiyyəti verir. Bu imkanlar mülki prosessual qanunvericilikdə - İddia qaldırmaq və ya qaldırmamaq, iddianı dəyişmək, ondan imtina etmək, barışıq sazişi bağlamaq, icra sənədini təqdim və ya geri götürmək kimi hüquqauyğun hərəkətlərdə ifadə olunur. Məhkəmə mübahisəsinin tərəflərin iradəsi ilə idarə olunmasına xidmət edir. Prosess tərəflərin təşəbbüsü ilə başlayır, inkişaf edir və bitir (dispozitivlik prinsipi).

17. Məhkəmə vəziyyətə münasibətdə tələbkarın iradə ifadəsini bildirməsi üçün mülki prosessual hüquqla ona verilmiş dispozitiv imkandan istifadə kimi qiymətləndirir. İcrasını tələb edib-etmədiyi müəyyən olunmayan tələbkarın və icra orqanına daxil olmamış icra sənədi üzrə tələbkarın icraya münasibətdə hər hansı qanunauyğun hərəkəti etməməsi həmin icra sənədi üzrə məhkəmə tərəfindən mümkün hərəkətlərin həyata keçirilməsini tələbkarın müraciəti ilə sərhədləndirmişdir. Mülki prosessual hüquqda dispozitiv imkan məhz şəxsin məhkəmə mübahisəsində prosessual azadlığıdır. Məhkəmə mübahisəsi dar mənada yalnız məhkəmə tərəfindən araşdırmanı əhatə etməməli, mübahisənin həlli imkanın icra mərhələsində də davam etməsi kimi qəbul edilməlidir.

18. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və göstərilən Konstitusiya Məhkəməsinin əsaslanaraq hesab edir ki, icra sənədinin icra şöbəsinin icraatına daxil olması müəyyən edilmədiyindən icra sənədinin icrasının gecikdirilməsindən bəhs edilə və məhkəmə qərarı ilə müəyyənləşdirilmiş pul məbləğinin indeksləşdirilməsi həyata keçirilə bilməz. Ona görə də ərizə əsassız hesab edilərək təmin edilməməlidir.

19. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Tələbkar ödənilməli pul məbləğinin indeksasiya edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar