Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-351/2025 19.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi Tələbkar nümayəndəsi Nümayəndə2 və Borclu nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi Tələbkar “uşaqla ünsiyyət hüququnun müddətinin dəyişdirilməsi” tələbinə dair ərizəsinə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar “uşaqla ünsiyyət hüququnun müddətinin dəyişdirilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət hüququnun dəyişdirilməsi və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı üzrə xx.xx.2020-ci il təvəllüdlü X4 ilə həftənin dörd günü (cümə ertəsi, cümə, şənbə və bazar günləri bütövlükdə), bundan başqa tətil və bayram günləri, hətta tədbir və ad günləri olmaqla ünsiyyət hüququnun təmin olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, o, Borclu ilə xx.xx.2020-ci ildə ailə quraraq rəsmi nikaha daxil olmuş və nikahlarını Sumqayıt “Asan Xidmət” X3 akt qeydləri kitabında 1067 nömrəli qeydə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2020-ci ildə X4 anadan olmuşdur. Cavabdeh Borclu ilə ailə münasibətləri əsaslı şəkildə kəskinləşdiyindən və birgə yaşamaları mümkünsüz olduğundan sonuncu nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-436/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Daha sonra o, ünsiyyət barədə məhkəməyə müraciət etmiş və Sabirabad Rayon Məhkəməsinin 2(056)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun 27 may 2020-ci il təvəllüdlü X4 adlı uşağı ilə hər həftənin şənbə günü saat 10-dan 14-dək icra məmurunun və cavabdeh Borclu iştirakı ilə tərəflərin razılaşdıqları yerdə, razılaşma olmadığı təqdirdə isə icra məmurunun müəyyən etdiyi yerdə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi, onun 27 may 2020-ci il təvəllüdlü X4 adlı uşağı ilə görüşüb ünsiyyətdə olarkən hər hansı maneə yaradılmasının qadağan edilməsi qət edilmişdir. Borclu şifahi qaydada deməsinə baxmayaraq, uşaqla yalnız ünsiyyətdə olmasına imkan vermir. O, sadəcə cavabdehin evində gedib uşağı ilə görüşür. Uşağını görmək istəyir. Bütün bunları nəzərə alıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar nümayəndəsi Nümayəndə2 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi Nümayəndə1 bildirdi ki, tərəflərin birgə nikahından doğulmuş uşaq xəstədir. Yəni nitq qüsurludur. Onun anasından kənarda təkbaşına atası ilə ünsiyyətdə olması mümkünsüzdür. Uşaq xəstə olduğu üçün qızı Nazənin ümumiyyətlə ünsiyyət hüququnun təmin edilməməsini tələb edir. Ona görə də o, ərizənin təmin edilməməsini xahiş edir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 3.2-ci bəndinə əsasən, bu Qərarın 3.1ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Ərizəyə əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin 2(056)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar 27 may 2020-ci il təvəllüdlü X4 adlı uşağı ilə hər həftənin şənbə günü saat 10-dan 14-dək icra məmurunun və cavabdeh Borclu iştirakı ilə tərəflərin razılaşdıqları yerdə, razılaşma olmadığı təqdirdə isə icra məmurunun müəyyən etdiyi yerdə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi, iddiaçı Tələbkar 27 may 2020-ci il təvəllüdlü X4 adlı uşağı ilə görüşüb ünsiyyətdə olarkən hər hansı maneə yaradılmasının qadağan edilməsi qət edilmişdir. Əldə edilmiş Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik orqanı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-70/2-1405/2025 saylı rəydən görünür ki, Sabirabad rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 8(056)-351/2025 saylı məktubu əsasında Sabirabad rayonu Balvar kənd sakini Tələbkar Nərman oğlunun uşaqla ünsiyyət hüququna dair iddia ərizəsi əsasında tərəflərindən araşdırılma aparılmışdır. Tərəflərindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Sabirabad rayonu Balvar kənd sakini Tələbkar Nərman oğlu, Zəngənə kənd sakini Borclu ilə ailə həyatı qurmaqla nikahlarını 09 iyul 2020-ci il tarixdə dövlət qeydiyyatına aldırmışlar. Onların nikahlarından 27 may 2020-ci il tarixdə X4 adlı övladları anadan olmuşdur. Bu ailədə narazılıq yarandığından onlar arasındakı nikah Sabirabad rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(56)-436/2022 nömrəli qətnaməsi pozulmuş və uşaq ananın himayəsinə verilmişdir. Borclu rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclasına dəvət edilmiş və onunla söhbət aparılmışdır. O, Komissiyaya izahat təqdim edərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsi keçmiş həyat yoldaşı Tələbkar azyaşlı övladı Zakir Muradovla hər həftənin şənbə günü saat 10:00-dan 14:00-dək ünsiyyət qurması barədə xx.xx.2022-ci il tarixdə qətnamə qəbul etmişdir. Vətəndaş üzrlü səbəblər istisna olmaqla qətnaməyə riayət etdiyini bildirmişdir. Eyni zamanda o, bildirmişdir ki, 5 yaşlı övladı nitq qüsurludur və keçmiş həyat yoldaşı ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan övladı dünyaya gəlmişdir. Nazənin Muxtarova keçmiş həyat yoldaşı Tələbkar istəyinə uyğun olaraq cümə axşamı, şənbə, bazar günləri bütövlükdə ünsiyyət hüququnun verilməsi övladının səhhətinə mənfi təsir edə bilməsini vurğulamışdır. Lakin o, hazırda Sabirabad rayonu Zəngənə kəndində yaşadığını nəzərə almaqla həftənin şənbə günü saat 12:00-da təhvil verməklə saat 13:00-da geri təhvil almaqla ünsiyyət qurmasına etiraz etmədiyini bildirmişdir. Əlavə olaraq o, bildirmişdir ki, keçmiş həyat yoldaşı və onun ailəsi tərəfindən nitq qüsuru olan övladına psixoloji təzyiqlər göstərilir və hər ünsiyyətdən sonra bir neçə gün övladının nitqində dərin fəsadlar yaradır. Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.2 maddəsini rəhbər tutaraq Borclu Sabirabad rayonu, Balvar kənd sakinləri Tələbkar Nərman oğlunun xx.xx.2020-ci il təvəllüdlü X5 ilə həftənin şənbə günü saat 12:00-dan 13:00-a kimi ünsiyyət hüqunun təmin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işin hallarını və əldə edilmiş rəydən göstərilmiş xüsusatları nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-436/2022 saylı qətnaməsi əsasında nikahları pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından doğulmuş uşaq anasının himayəsində saxlanmışdır. Bundan sonra Sabirabad Rayon Məhkəməsinin 2(056)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar 27 may 2020-ci il təvəllüdlü X4 adlı uşağı ilə hər həftənin şənbə günü saat 10-dan 14-dək icra məmurunun və cavabdeh Borclu iştirakı ilə tərəflərin razılaşdıqları yerdə, razılaşma olmadığı təqdirdə isə icra məmurunun müəyyən etdiyi yerdə ünsiyyətdə olmaq hüququnun təmin edilmişdir. Hazırki ərizəçinin azyaşlı uşağı ilə ünsiyyət hüququ təmin edilərkən birgə nikahdan doğulmuş uşaq 2 yaşında olmuş, hazırda isə uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə qəbul edilmiş qətnamənin qəbul edildiyi zamandan 4 ilə yaxın vaxt keçmişdir. Məhkəmə əldə edilmiş qəyyumluq komissiyasının rəyini mötəbər sübut kimi qəbul etməyərək qeyd edir ki, işdən göründüyü kimi, ərizəçi qanuni qüvvəsini almış və 4 saatlıq ünsiyyət müddəti müəyyən edilmiş qətnamə üzrə uşaqla ünsiyyət müddətinin dəyişdirilməsi (artırılması) ilə bağlı məhkəməyə müraciət etmiş, qəyyumluq komissiyası isə borclunun izahatına əsaslanmaqla qanuni qüvvəsini almış qətnamə ilə müəyyənləşdirilmiş ünsiyyət müddətinin məhdudlaşdırılıb 1 saat müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bu hal isə ərizənin xarakter və məzmunu ilə uzlaşmamaqdadır. Bununla belə ərizənin məzmununu və tələbin mahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, işin hallarından da göründüyü kimi uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin qəbul edildiyi zamandan keçən müddət nəzərə alınmalı, ərizəçinin azyaşlı övladı ilə müəyyən edilmiş ünsiyyət müddəti uşağın bildirilmiş sağlamlıq vəziyyəti (nitq qüsuru) və mövcud yaş durumu da göz önündə saxlanılmaqla 2 saat artırılmalı, artırılmış müddət “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq birgə nikahdan anadan olmuş azyaşlı uşağın doğum gününə, həmçinin uzunmüddətli bayram günlərinin bir gününə (Yeni il, Novruz, Ramazan bayramları) də şamil edilməlidir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarının 1-ci hissəsinə əsasən, “Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.” Həmin Qərarın 2-ci hissəsinə əsasən, “Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini, hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır.” “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarına əsasən, “Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar.” Artırılmış ünsiyyət müddətinin həyata keçirilməsinin təmin edilməsi üsuluna gəldikdə isə məhkəmə hesab edir ki, yenə də uşağın mövcud yaş durumu və nitq qüsurlu olması nəzərə alınmaqla borclunun iştirakı ilə təmin edilməli, ünsiyyət yerinə gəldikdə isə, ünsiyyət yeri tərəflərin razılaşdıqları yerdə, razılaşma olmadığı təqdirdə isə icra məmurunun müəyyən etdiyi yerdə təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Həmçinin «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası MPM-nın 232, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1420/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət müddəti və vaxtı dəyişdirilərək, Tələbkar 27 may 2020-ci il təvəllüdlü X4 adlı uşağı ilə hər həftənin şənbə günü, həmçinin 27 may 2020-ci il təvəllüdlü X1 doğum günü və uzunmüddətli bayram günlərinin tərəflərin razılaşdığı, razılaşma olmadığı təqdirdə icra məmurunun müəyyən etdiyi bir günü (Yeni il, Novruz, Ramazan bayramları) saat 10-dan 16-dək Borclu iştirakı ilə tərəflərin razılaşdıqları yerdə, razılaşma olmadığı təqdirdə isə icra məmurunun müəyyən etdiyi yerdə ünsiyyətdə olmaq hüququ təmin edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-351/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-351/2025
19.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver