Məhkəmə qərarları › İş №8(056)-74/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-74/2025

04.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-74/2025 04.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 katibliyi, ərizəçi Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Maraqlı şəxs iştirakı ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi üzrə Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun şikayətinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirinin olmaması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli Qərarından Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Babalı oğlu şikayət verərək qərarın ləğv olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün icra vərəqəsinin yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs “İcra sənədinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli Qərar qəbul edərkən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsinin icrası üçün qanunvericilikdə nəzərdə tutulan bütün lazımı tədbirlər görməmiş, icra vərəqəsi geri qaytarılmış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı İcra sənədinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Bundan sonra yenidən xx.xx.2024-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsi icra vərəqəsini geri qaytarmışdır. Həmin qərardan tərəfərin şikayət verilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-164/2024 saylı qərardadı ilə Sabirabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra sənədi icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin Sabirabad rayon İcra və Probasiya şöbəsi yenidən icra vərəqəsini icra etməyərək xx.xx.2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinə geri qaytarılmışdır. Tərəflərindən həmin qərardaddan da şikayət verilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-187/2024 saylı qərardadı ilə icra vərəqəsi icra olunması üçün Sabirabad rayon İcra və Probasiya şöbəsinə qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs köməkçisi kimi özünü təqdim edən şəxs tərəfindən votsap telefon vasitəsi ilə xx.xx.2025-ci il tarixli icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarın bir hissəsi göndərilmişdir. Həmin qərarda X1 guya Şirvan şəhəri, Tağıyev küçəsi, ev 1-də yaşadığı qeyd olunmuş, Tələbkar Rusiya Federasiyasının vətəndaşı olmasına baxmayaraq, guya ünvan 1 ünvana göndərildiyi barədə Sabirabad rayon İcra və Probasiya şöbəsinin rəisinin adından xx.xx.2025-ci il tarixli, 352369/2024-19-9-003 saylı məktub da əlavə olunmuşdur. Borclu tərəfindən məhkəmə qətnaməsində göstərilən 107000 manat puldan tələbkara bir manat da ödənilməmişdir. Ona görə də Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması və işin Sabirabad rayon İcra və Porbasiya şöbəsinə geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar etibarnamə üzrə nümayəndəsi həmçinin vəkili Vəkil Babalı oğlu ərizəyə uğun məzmunda izahat verərək, onun təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Maraqlı şəxs bildirdi ki, icra sənədi yenidən icra olunması üçün onun icraatına daxil olduqdan sonra o, borclunun əmlak vəziyyətinin yoxlanılması üçün Elektron icra sistemində müvafiq təşkilatlara, həmçinin Cavad kənd ərazi nümayəndəliyinə sorğular ünvanlamış, borclunun yaşadığı ünvanda olmuş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlakı aşkar etməmişdir. Həmçinin o, borclunun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq protokol tərtib edib Sabirabad rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin müvafiq qərarı ilə borclu inzibati qaydada həbs edilmiş, bundan sonra o, icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Hesab edir ki, qəbul etdiyi qərar əsaslı olmuşdur. Ona görə də o, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və icra vərəqəsi icra tədbirlərinin təmin edilməsi məqsədilə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Belə ki, göründüyü kimi, adıçəkilən - xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borcludan tələb edilən 107553 manat məbləğə nəzərən hazırkı vaxta kimi, ümumiyyətlə, heç bir ödənişin edilməməsi halı dövlətin adından çıxan və məhkəmə hakimiyyətinin nüfuzunu öz icrası ilə təmin edən qərara laqeydliyin göstəricisi sayılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Habelə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə hesab edir ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərar qəbul edərkən öz səlahiyyətləri hüdudunda borclunun barəsində kifayət qədər məcburi və digər lazımı tədbirləri görməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin olunmalı, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi icra edilməsi üçün yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarı ləğv olunsun. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar