Məhkəmə qərarları › İş №8(056)-82/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-82/2024

07.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-82/2024 07.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Borclu iştirakları ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(011)-1602/2023 saylı icra sənədinə əsasən, Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X3 ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı "Elekton İcra” İnformasiya Sistemindən sorğular alınmış, lakin edilmiş sorğuların cavablarından müəyyən olmuşdur ki, borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Borclu tərəflərindən şöbəyə dəvət olunaraq ona şəxsən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və həmin bildirişi qəbul etməsi barədə bildirişi imzalamışdır. Borclu tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq bu günə qədər icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icra edilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, borclunun bu günə ödənilməmiş 2220 manat aliment borcu vardır. Düzdür borclu hər ay tələbkarın xeyrinə ödənişlər edərək ödəniş qəbzlərinin şəklini ona göndərsə də, yaranmış borcunu tam şəkildə ödəmir. Tələbkar tərəf bundan narahatlığını ifadə edir. Ona görə də o, hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata münasibət bildirərək göstərdi ki, təqdimat əsassızdır. Əvvəla, təqdimat ehtimalla əsaslandırılıb. O, 12 ildir ki, ölkəni tərk etməmişdir. İcra məmuru bu barədə heç bir araşdırma aparmamışdır. Bundan əlavə, o, hər ay tələbkarın xeyrinə 500 manat pul ödəyir. Mart ayında isə 1000 manat ödəmişdir. Sonuncu dəfə 500 manat ödəmişdir. İcra məmuruna həmin ödəniş qəbzini təqdim etməmişdir. Onun borcu məhkəmə qətnaməsi icraya gələnədək olan dövrü əhatə edir ki, hazırda yaranan borcunu da bir neçə gün ərzində tam şəkildə ödəyəcəkdir. İcra işi başlanandan o, hər ay ödənişləri həyata keçirir. Odur ki, o, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, izahatları dinləyib, təqdimatı və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimat verən şəxs borclunun ölkdə hüdudlarını tərk etməsi ilə bağlı təqdimata hər hansı sübut əlavə etməmiş, borclunun ölkədən getmək hüqüqunun müvəqqəti məhdudlaşdırılmasının icra sənədinin icrasına hansı müsbət təsir edə biləcəyini, onun ölkədən getmək hüquq məhdudlaşdırılmadığı təqdirdə icra sənədinin icrasında hansı maneələrin yaranacağını təqdimatda əsaslandırmamış, borclunun ölkəni tərk etməsini ehtimal kimi göstərməklə kifayətlənmişdir. «İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın və onun birinci Protokoluna artıq daxil edilənlərdən başqa bəzi hüquq və azadlıqların təmin olunmasına dair 4 saylı Protokolun 2-ci maddəsində qeyd olunmuşdur ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayış maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Göründüyü kimi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyi üçün və yalnız təqdimat formal ehtimallarla əsaslandırıldığından «İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın və onun birinci Protokolunun tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar