Məhkəmə qərarları › İş №8(056)-87/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-87/2024

14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-87/2024 14.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev tərəfindən verilmiş “icraatın dayandırılması” barədə təqdimata Sabirabad rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev “icraatın dayandırılması” barədə təqdimatla Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-698/2017 saylı icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-698/2017 saylı icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixindən başlayaraq Borclu hər ay 200 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. Qeyd edilən icra sənədi ilə bağlı 278141/17 saylı icra işi açılaraq, xx.xx.2017-ci il tarixdə icraata başalmaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Quba rayon Polis şöbəsində Borclu barəsində xx.xx.2018-ci il tarixdə 560457/23 saylı axtarış işi açılmışdır. Ona görə də Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)- 698/2017 saylı icra sənədi üzrə icraat dayandırılmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, icra məmuru hazırki təqdimatla özünün olduğu yer üzrə məhkəməyə müraciət etmək əvəzinə, Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat geri qaytarılsın. Qərardaddan rəsmi qaydada əldə edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar