Məhkəmə qərarları › İş №8(056)-91/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-91/2024

15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-91/2024 15.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İcra sənədi üzrə tələbkar BOKT "xxxx" MMC-nin Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 8İ-14895 saylı icra qeydi üzrə icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-14895 saylı icra qeydinə əsasən Borclu cəmiyyətin xeyrinə 130 manat məbləğində pul vəsaitinin tutulması qeyd edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin icra sənədi Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlham Nizamlının icraatına daxil olmuş, bundan sonra icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbləri rəhbər tutularaq icra qeydi xx.xx.2024-cü il tarixdə geri qaytarılmışdır. Qeyd olunanlarla bağlı tələbkar təşkilatın nümayəndəsi Sabirabad rayon İcra və Probasiya Şöbəsində olan zaman icra sənədinin geri qaytarılmasına səbəb olan dəlillərə dair toplanmış sənədlər ilə tanış olmaq istəyən zaman, buna heç bir şərait yaradılmamış, həmçinin iş materialları ilə tanış olmaq və ona dair çıxarışların çıxarılmasına şərait yaradılmasından imtina olunmuşdur. Bundan əlavə icra sənədi geri qaytarılan zaman cavabdehin izahatı alınmamış, həmçinin qəbul olunan qərarda heç bir əsaslandırma aparılmamışdır. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 8İ-14895 saylı icra qeydi üzrə icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-14895 saylı icra qeydinə əsasən Borclu cəmiyyətin xeyrinə 130 manat məbləğində pul vəsaitinin tutulması qeyd edilmişdir. İş materiallarında olan İcra və Probasiya Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu İlham Nizamlının xx.xx.2024-cü il tarixli qəraının surətindən görünür ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “Elektron İcra Xidməti” portalının borclu barədə sorğu məlumatlarından borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı, gəlir və pul vəsaiti aşakar edilməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən görülmüş icra tədbirləri nəticə verməmiş və icra sənədində göstərilmiş borc məbləğinin tutularaq tələbkar təşkilata köçürülməsi mümkün olmamışdır. Bu səbəbdən də, icra sənədi “İcra Haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisinə qaytarılmışdır. Əldə edilərək tədqiq edilmiş 265533/2023 saylı İcra işinin materiallarından müəyyən olunur ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlham Nizamlı qeyd olunan iş üzrə ətraflı araşdırma aparmamış, borclunun izahatı alınmamış, borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı, gəlir və pul vəsaiti aşakar edilməməsi barədə hər hansı bir sübutu icra işi materiallarına əlavə etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.1.1-ci maddə tələbkarın ərizəsi əsasında; 23.1.2-ci maddə borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3-ci maddə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4-ci maddə tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5-ci maddə tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və Borclu cəmiyyətin xeyrinə 130 manat məbləğində pul vəsaitinin tutulmasına dair Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-14895 saylı icra qeydi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 257-258 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 8İ-14895 saylı icra qeydinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-14895 saylı icra qeydi yenidən icraya yönəldilsin. Qərardadın icrası icraya yenidən icraya yönəldilmə hissəsində Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisinə və qalan hissədə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün ərzində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar