Məhkəmə qərarları › İş №8(056)-98/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-98/2025

29.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-98/2025 29.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu Sabirabad rayonunun Azadkənd kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(056)-2082/2024-020 saylı icra sənədi üzrə Borclu 24162 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birlikdə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu icra sənədində olan tələbi könüllü təmin etmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu günə kimi icra sənədinin icrası tam şəkildə təmin edilməmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə, təqdimatı və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatda borclunun əmlak vəziyyətinin yoxlanılması ilə əlaqədar aidiyyəti təşkilatlara sorğular ünvanlandığı göstərilsə də, nə həmin sorğular, nə də sorğuların cavabları təqdimata əlavə edilməmiş, həmçinin borclunun yaşayış yerində olunmamış və əmlak vəziyyəti kifayət qədər araşdırılmamışdır. Göründüyü kimi, məcburi icra tədbirləri tam həyata keçirilməmişdir. “İcra haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Qeyd edilən Qanunun 44-cü maddəsində məcburi icra tədbirlərinin tətbiqi əsasları müəyyən edilmişdir ki, hazırki işdə də həmin əsasların mövcudluğu öz təsdiqini tapmışdır. Bundan əlavə Elektron Məhkəmə İnformasiya Sistemində borclunun məlumatları yoxlanılarkən borclunun ölkədən getmək hüququnun Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhdudlaşdırılması müəyyən edilmiş, təqdimata həmin qərardadın qüvvədə olub-olmaması barədə hər hansı sənəd əlavə edilməmiş və bu barədə təqidmatda hər hansı məlumat qeyd edilməmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması «İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın və onun birinci Protokolunun tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar