Məhkəmə qərarları › İş №8(057)-113/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-113/2023

13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-113/2023 13.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, Tələbkar Xudayeva ( Qafarova) Gülənbər Arif qızının iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 2(057)-803/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Salyan Rayon Məhkəməsinin 2(057)-803/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu X1 hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment pulu alınıb X2 verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Salyan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X4 göndərilmiş,icra sənədində olan tələbin dərhal təmin edilməsi ondan tələb olunmuşdur. Lakin borclu tərəfindən icra sənədində olan tələb tam təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron İcra İnformasiya Sistemin”-dən alınmış çıxarışda borclu X3 adına heç bir əmlaklar aşkar olunmamışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq, borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Borclu və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Xudayeva (Qafarova) Gülənbər Arif qızı bildirmişdir ki, borclu ilə birgə nikahlarından 2 uşaqı olmuşdur. Məhkəmənin qətnaməsi ilə hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat alimentin borcludan alınaraq ona verilməsi qət edilmişdir. Lakin borclunun aliment ödəmədiyini göstərərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə tələbkarın izahatını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə baxışı zamanı “Elektron Məhkəmə İnformasiya Sistemin”-dən çıxarılmış tələbkarın şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, tələbkarın soyadı dəyişdirilərək hal-hazırda Xudayeva deyil Qafarovadır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-803/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X1 xx.xx.2022-ci ildən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin alınaraq X2 verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş icra işinin materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun əmlakının olmaması müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu - xx.xx.1981-ci il təvəllüdlü, Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Noxudlu kəndində yaşayan X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar