Məhkəmə qərarları › İş №8(057)-114/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-114/2023

13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-114/2023 13.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Borclu iştirakları ilə Salyan Rayon Məhkəməsinin 2(057)-126/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-126/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 27033,03 ABŞ dolları məbləğində borc tutularaq Tələbkar QSC-yə verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2017-ci il tarixlərdə Salyan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı “Elektron İcra” İnformasiya Sistemindən sorğular alınmış, lakin edilmiş sorğuların cavablarından müəyyən olunmuşdur ki, borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Borclu tərəflərindən şöbəyə dəvət olunaraq ona şəxsən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və həmin bildirişi qəbul etməsi barədə bildirişi imzalamışdır. Borclu tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq bu günə qədər icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icra edilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclu Salyan Rayon Məhkəməsinin 2(057)- 126/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 27033,03 ABŞ dolları məbləğində borcu vardır. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənləri nəzərə alaraq, “İcra Haqqında” Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq borclu xx.xx.1983-cü ildə Salyan rayonu, Qarabağlı kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X5 borclunun borcunu ödəmədiyini, tələbkarın da borcunu tələb etdiyini nəzərə alınaraq təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, X3 zamin durmuşdur. Kredit götürən şəxs yaşayır, İntiqam Həsənovun dolanışığı onun dolanışığından yaxşıdır. Halhazırda işləyir. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq Tələbkar QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmuru və borclunun izahatlarını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-126/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Tələbkar QSC ilə cavabdeh X4 arasında bağlanmış 05 aprel 2013-cü il tarixdə bağladığı 22L000001977 saylı kredit xətti müqaviləsinə əsasən 30 yanvar 2015-ci il tarixli 022R********** saylı kredit razılaşması üzrə cavabdehlər X1 və Borclu müştərək qaydada 18387,15 ABŞ dolları məbləğində əsas borc, 4676,64 ABŞ dolları məbləğində faiz borcu, 4000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 27063,79 ABŞ dolları məbləğində borc ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı Tələbkar QSC-nin xeyrinə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş icra işinin materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-№ nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə də, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu - xx.xx.1983-cü il təvəllüdlü, Salyan rayonunun, Qarabağlı kəndində anadan olmuş, Salyan rayonu, Qarabağlı kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar