Məhkəmə qərarları › İş №8(058)-38/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-38/2024

08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-38/2024 08.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, tələbkar X1 iştirakı ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-1253/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-1253/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş və tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün vaxt verilmişdir. Nəticə olaraq borclu tələbkara olan borcunu ödəməmişdir. Bundan əlavə ona borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıqlar edilməsinə baxmayaraq bu günə kimi borcunu qərəzli olaraq ödəməkdən boyun qacırır. Belə ki, Borclu bu günki günə tələbkara 1360 manat məbləğində aliment borcu yaranmışdır. Bundan əlavə borclunun əmlakı hesabına tələbin ödənilməsi üçün müvafıq dövlət orqanlarına sorğular verilmiş, ancaq borclunun tələbin yönəldiləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəmə qərarını icra etməmişdir. Ona görədə borclu barəsində məcburi icra tədbirləri həyata kecirilir. Borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Məhkəmə iclasında tələbkar X3 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-1253/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2009-cü iİ tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi və alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Samux Rayon Məhkəməsinin 2(058)-1253/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş çox saylı xəbərdarlıqlardan görünür ki, Borclu məhkəmə qətnaməsini icra etməyəcəyi təqdirdə onun barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclularnun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə araşdırması zamanı Borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara aliment ödəməli olduğu, aliment borcundan azad edilmədiyi, lakin borclunun bu qətnaməni könüllü olaraq icra etmədiyi, görülmüş məcburi icra tədbirlərinin heç bir nəticə vermədiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-1253/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunanadək xx.xx.1970-ci il Gəncə şəhərində anadan olmuş, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar