Məhkəmə qərarları › İş №8(058)-42/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-42/2023

23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-42/2023 23.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “əmlak üzərinə həbs qoyulması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Samux rayon Notariat Ofisinin 1156 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux rayon Notariat Ofisinin 1156 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 7194,91 manat kredit borcu və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyirinə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə borcluya tələbin könüllü icrası üçün rəsmi bildiriş göndərilmiş ancaq borclu tələbi könüllü yerinə yetirməmişdir. Borclu dəfələrlə rəsmi xəbərdarlıq edilsə də borclu tələbkarın xeyrinə tam ödəniş etməmişdir. Sözü gedən icra sənədinin icrası ilə əlaqədar Borclu gəlir və əmlakı barəsində “Elektron İcra” İnformasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu məxsus “VAZ 2106 Minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Ona görədə Borclu məxsus “VAZ 2106 Minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslarla görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin surətindən görünür ki, Borclu "xxxx" ASC-nin xeyrinə 7194,91 manat pul və 25 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu Samux rayon Notariat Ofisinin 1156 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Borclu tələbi təmin etmədiyi təqdirdə məcburi gətirilməsi və ölkədən getmək hüququnun müvvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun “VAZ 2106 Minik” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilinin olması məlum olmuşdur. İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Ona görə də məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək üçün təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Samux rayon Notariat Ofisinin 1156 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ 2106 Minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik eden: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar