Məhkəmə qərarları › İş №8(059)-13/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-13/2022

23.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-13/2022 23.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Tələbkar iştirakı ilə iddiaçılar Tələbkar və X1 cavabdehlər X2 və Borclu qarşı “mənzilə köçürülməklə mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(059)-19/2019 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin icrasının dayandırılması barədə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyevin 08 aprel 2022-ci il tarixli qərarından tələbkarlar Tələbkar və Validə Şahbazovanın şikayətinə baxaraq, müəyyən etdi: Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(059)-19/2019 saylı qətnaməsi ilə Tələbkar və X3 övladları, 23 dekabr 2009-cu il təvəllüdlü X6 və 21 noyabr 2018-ci il təvəllüdlü X4 ilə birlikdə Siyəzən şəhərində yerləşən M. Əzizbəyov (indiki A.Qaradağlı) küçəsindəki 7 saylı evə köçürülmüşlər. Bundan sonra, Borclu Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(105)-871/2020 saylı qətnaməsi ilə təmin edilməmiş, habelə Siyəzən Rayon Məhkəməsinin bu qətnaməsi Güldanə Şahbazovanın apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 noyabr 2019cu il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün 13 yanvar 2021-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmiş, habelə 02 fevral 2021-ci il tarixdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyevin icraatına daxil olmuş icra sənədi üzrə elə həmin tarixdə icraata başlamaq barədə qərar qəbul edilməklə, borclular X2 və Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin, Borclu 12 iyun 2021-ci il tarixdə ölmüşdür. Bu səbəbdən də, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyev 08 aprel 2022-ci il tarixli qərarla Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(059)-19/2019 saylı icra sənədi üzrə icraatı dayandırmışdır. Məhz Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyevin 08 aprel 2022-ci il tarixli qərarından narazı qalan tələbkarlar Tələbkar və Validə Şahbazova bu qərardan şikayət verərək şikayətlərinin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi şikayətinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(059)-19/2019 saylı qətnaməsinə əsasən o və X3, övladları: X6 və X4 ilə birlikdə Siyəzən şəhəri (indiki A.Qaradağlı) küçəsindəki 7 saylı evə köçürülməlidirlər. X5 bu qətnamədən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 avqust 2020-ci il tarixli, 2(105)- 871/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra işi icraata qəbul olunaraq 02 fevral 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, lakin, 08 aprel 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019cu il tarixli icra sənədi üzrə icraat borclunun 12 iyun 2021-ci il tarixdə ölməsi ilə əlaqədar dayandırılmışdır. İcra sənədinin 02 fevral 2021-ci il tarixdə rayon icra və probasiya şöbəsinə daxil olmasına baxmayaraq, məhkəmənin qətnaməsi vaxtında icra olunmamış, nəticədə borclu ölmüş və böyük icra məmuru borclunun ölməsini əsas gətirərək icra hərəkətlərinin həyata keçirilməsini dayandırmışdır. Hesab edir ki, böyük icra məmurunun icraatın dayandırılması barədə qərarı əsassızdır. Belə ki, borclunun vərəsələri yoxdur. Belə olan halda icraatın dayandırılmasına lüzum yoxdur. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki- prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Odur ki, şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər tələbkar Validə Şahbazovaya, borclu Bəsti Mustafayevaya, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə tələbkar Validə Şahbazovanın, borclu Bəsti Mustafayevanın, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 06 aprel 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174017 nömrəli arayışın surətindən görünür ki, Borclu 12 iyun 2021-ci il tarixdə Siyəzən şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Dövlət Notariat Ofisinin 21 dekabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Borclu miras qalmış əmlaka dair 07 iyul 2021-ci il tarixdə vərəsəlik işi açılmış, vəsiyyət üzrə vərəsəsi kimi Bəsti Mustafayeva tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun İ maddəsində göstərilir ki, icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını həyata keçirirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bu Qanunun 19.1.1-ci maddəsinə əsasən borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat dayandırılır. İşin faktiki hallarından, habelə tədqiq olunmuş mötəbər sübutlardan da göründüyü kimi mərhum Borclu miras qalmış əmlaka dair 07 iyul 2021-ci il tarixdə vərəsəlik işi açılmış, vəsiyyət üzrə vərəsə kimi iş üzrə digər borclu Bəsti Mustafayeva tanınmış, bununla da, icra sənədi üzrə icraatın dayandırılmasına səbəb olmuş hal aradan qalxmışdır. Odur ki, icra sənədi üzrə icraat təzələnməklə, icra hərəkətləri davam etdirilməsi məqsədəmüvafiqdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İV və Vİ hissələrinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyevin 08 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli və Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(059)- 19/2019 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyevin 08 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin və Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(059)-19/2019 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar