Məhkəmə qərarları › İş №8(059)-14/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-14/2022

13.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-14/2022 13.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyevin Sumqayıt Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(105)-2223/2021 saylı icra sənədi üzrə borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına aşkar edilmiş əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasında baxaraq, müəyyən etd i: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(105)-2223/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızına məxsus olmaqla, Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 09 fevral 2022-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(105)-2223/2021 saylı icra sənədinə görə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, qeydiyyat tarixi 12 may 2017-ci il olan çıxarışa əsasən X2 adına Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində ½ hissədə X2, ½ hissədə Tələbkar, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, qeydiyyat tarixi 24 avqust 2013-cü il olan çıxarışa əsasən Tələbkar adına Siyəzən rayonu, Qalaaltı kəndində yerləşən 0,1028 ha həyətyanı torpaq sahəsində ½ hissədə X2, ½ hissədə Tələbkar payları müəyyən edilməli, Tələbkar Azərbaycan Beynəlxalq Bankından 11 yanvar 2017-ci ildə götürdüyü 3750 manat məbləğində 27 faiz hesabı ilə kreditin tərəflərin 2017-ci ilin iyul ayına kimi faktiki yaşamaları nəzərə alınmaqla 2372,94 manat X1 alınıb Tələbkar ödənilməlidir. İcraata başlamaq haqqında qərar tərtib olunaraq, borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının ünvanına göndərilmiş, lakin sonuncu qanunla nəzərdə tutulmuş müddətdə 2372,94 manat borcunu ödəməmişdir. Ona görə də, Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına müəyyən edilmiş, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin sonuncuya məxsus ½ hissəsinə həbs qoyulması zərurəti yaranmışdır. Odur ki, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına aşkar edilmiş əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkara, borcluya və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, tələbkarın, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(105)-2223/2021 saylı icra sənədinin surətindən görünür ki, Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızından 2372,94 manat pul alınaraq, Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra onun icrasının təmin edilməsi məqsədilə müvafiq icra tədbirləri görülmüşdür. Təqdimata əlavə edilmiş sənədlərdən, o cümlədən borclu haqqında məlumatdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin ½ hissəsi Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızı icra sənədi üzrə borcunu icra etməmiş və hal-hazıradək tələbin icrası üçün heç bir tədbir görməyərək borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında icra sənədinin icra olunmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi icra olunmamışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclasında müəyyən edildi ki, qeyd edilən torpaq sahəsi mülkiyyət hüququ əsasında borcluya məxsusdur və mülkiyyət hüququ əsasında digər şəxslərin mülkiyyətinə keçməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(105)-2223/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmış ½ hissəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50, 50.2, 50.5, 53-cü maddələrini və Azərbaycan Respublikasının MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(105)-2223/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmış ½ hissəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Siyəzən rayon icra və probasiya şöbəsinə, eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar