Məhkəmə qərarları › İş №8(059)-17/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-17/2022

22.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-17/2022 22.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Tələbkar Əliyeva (İsgəndərova) Aygül Ərəstun qızının iştirakı ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-287/2019 saylı icra sənədi üzrə Borclu adına aşkar edilmiş əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasında baxaraq müəyyənetdi: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev məhkəməyə təqdimatla müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-287/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Siyəzən şəhərində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrində Borclu adına ********** qeydiyyat, **********49 reyestr nömrəsi ilə qeydə alınmış 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 19 iyul 2019-cu il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş Siyəzən Rayon Məhkəməsinin eyni tarixli, 2(059)-287/2019 saylı icra sənədinə əsasən 09 avqust 2011-ci il təvəllüdlü Fatimənin və 26 dekabr 2013-cü il təvəllüdlü Səccadın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu tələbkar Aygül İsgəndərovanın xeyrinə 08 iyul 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 8(059)-37/2021 saylı qərardadı ilə Borclu adına aşkar edilmiş “Mercedes Benz” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsa da, həmin avtomobilin yerini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq, elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu mülkiyyətində Siyəzən şəhərində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat, **********49 reyestr nömrəsi ilə qeydə alınmış 0,06 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoyulması və onun satılması yolu ilə tələbin əmlaka yönəlməsi kimi məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına aşkar edilmiş sözügedən əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Əliyeva (İsgəndərova) Aygül Ərəstun qızı izahatında göstərdi ki, Siyəzən şəhərində marketdə qeyri-rəsmi satıcı işləyir. Bildiyinə görə hazırda Borclu ona 5000 manatdan çox aliment borcu vardır. Belə ki, borclu bir ildən artıq olar, aliment ödəmir. Alimentin ödənilməsi onun üçün vacib olduğundan borclunun əmlakının üzərinə həbs qoyulmasını istəyir. Lakin, torpağın üzərinə həbs qoyulduqdan sonra iş icra şöbəsinə yönəldilərək, prosesin uzanması mənasızdır. Çünki, borcluya məxsus avtomaşının üzərinə də həbs qoyulmasına, habelə həmin avtomobil axtarışa verilməsinə baxmayaraq, avtomaşın aşkar olunmamışdır. Ona görə də, təqdimatın təmin olunması, yəni Borclu adına aşkar edilmiş torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borcluya və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-287/2019 saylı icra sənədinin surətindən görünür ki, 09 avqust 2011-ci il təvəllüdlü Fatimənin və 26 dekabr 2013-cü il təvəllüdlü Səccadın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu tələbkar Aygül İsgəndərovanın xeyrinə 08 iyul 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra onun icrasının təmin edilməsi məqsədilə müvafiq icra tədbirləri görülmüşdür. İşdə olan sənədlərdən görünür ki, Siyəzən rayonu ərazisində yerləşməklə, Borclu adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin üzərində hər hansı məhdudiyyət və ya yüklülük yoxdur. Həmçinin, işdəki sənədlərdən görünür ki, Borclu icra sənədi üzrə borcunu lazımi şəkildə icra etməmiş və hal-hazıradək tələbin icrası üçün heç bir tədbir görməyərək borcu tam ödəməkdən uzun müddət yayınmışdır. Məhkəmə iclasında icra sənədinin tam icra olunmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi icra olunmamışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclasında müəyyən edildi ki, qeyd edilən torpaq sahəsi mülkiyyət hüququ əsasında borcluya məxsusdur, mülkiyyət hüququ əsasında digər şəxslərin mülkiyyətinə keçməmişdir, həmçinin torpaq sahəsinin üzərində hər hansı məhdudiyyət və ya yüklülük yoxdur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən və əmlakın növlərindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-287/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Siyəzən şəhərində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrində Borclu adına ********** qeydiyyat, **********49 reyestr nömrəsi ilə qeydə alınmış 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50, 50.2, 50.5, 53-cü maddələrini və Azərbaycan Respublikasının MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2(059)-287/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Siyəzən şəhərində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrində Borclu adına ********** qeydiyyat, **********49 reyestr nömrəsi ilə qeydə alınmış 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Siyəzən rayon icra və probasiya şöbəsinə, eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar